QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Müharibə Tədqiqatları İnstitutunun (ISW) məlumatına əsasən, İran rəsmiləri blokadanı aradan qaldırmaq üçün güc tətbiqini nəzərdən keçirirlər.
Mümkün addımlar sırasında neft tankerlərinin regional sulara göndərilməsi, eləcə də ABŞ blokadasını dəstəkləyən Amerika və regional hədəflərə zərbələr endirilməsi var. İran, həmçinin daha güclü mühərrik sistemləri olan və zərbədən əvvəl manevr edə bilən döyüş başlıqları daşıyan raketlər hazırlayır. Bu vasitələrin hədəfləri daha dəqiq vurmaq və ələ keçirilmə ehtimalını azaltmaq məqsədi daşıdığı bildirilir.
Siyasi şərhçi Xəqani Cəfərli bildirib ki, blokada İranı təslim olmağa məcbur etmək məqsədi daşıyır. Onun sözlərinə görə, Tehran məhdudiyyətlərin qısa müddətdə aradan qalxmayacağını anlayır və blokada davam etdikcə ölkə iqtisadiyyatı zəifləyir. Cəfərli qışın başlanmasının mövcud vəziyyəti sosial partlayışa çevirə biləcəyini də qeyd edib.
Ekspertin qənaətincə, İran hakimiyyətinin qarşısında iki seçim var: ABŞ-yə güzəştə getmək və ya blokadanı hərbi yolla yarmağa çalışmaq. Cəfərli güzəştin rejim üçün intihara bərabər sayıldığını, buna görə də Tehranın hərbi variantı seçə biləcəyini bildirib.
Bununla belə, şərhçi İranın blokadanı yarmağa nail olacağına şübhə edir. O, ölkənin güclü hərbi donanma və aviasiyaya malik olmadığını, dəniz blokadasını yarmaq üçün isə hər iki qüvvənin vacib olduğunu vurğulayıb.
Cəfərli ABŞ-nin dünyanın ən güclü hərbi donanmasına sahib olduğunu və dünya sularının 85 faizinə faktiki nəzarət etdiyini deyib. Onun sözlərinə görə, ABŞ-nin böyük hərbi hava qüvvələri də var. Ekspert hesab edir ki, İran hərbi təşəbbüs göstərsə belə, bu, nəticə verməyəcək; lakin başqa çıxış yolu qalmayan rejim belə addıma əl ata bilər.