QafqazNews Sputnik-a istinadən xəbər verir ki, Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumidə keçirilən Beşiktaş–Hapoel Beer-Şeva oyunu zamanı türk klubunun azarkeşləri ilə polis arasında toqquşma qeydə alınıb.
Məlumata görə, Beşiktaş ilə İsrailin Hapoel Beer-Şeva komandası Avropa Liqasının beşinci turu çərçivəsində üz-üzə gəlir. Matç ilkin olaraq Türkiyədə keçiriləcəkdi, lakin təhlükəsizlik risklərinə görə qarşılaşma neytral meydan — Batumi Arenada təşkil olunub.
İlk toqquşmalar azarkeşlərin yürüşü zamanı polis tələblərinə tabe olmaması və aqressiv davranışı nəticəsində başlayıb. Oyunun gedişində isə kütləvi qarşıdurma daha da alovlanıb: türk azarkeşləri polisə stullar və şüşələr atıblar, polis xüsusi vasitələrdən istifadə edib.
Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama, habelə saxlanılanlar və xəsarət alanlar barədə məlumat hələ də yayımlamayıb. Hazırda oyun bərpa edilib; qarşılaşma saat 21:45-də başlayıb.
Mətbuatın verdiyi məlumata görə, Batumiyə təxminən 15 minə qədər türk azarkeşi gəlib.