QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycan Prokurorluğunun nümayəndə heyəti Mərakeşdə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) yaradılmasının 20-ci ildönümünə həsr olunan illik konfrans və təlim seminarında iştirak edib.

25-26 noyabr tarixlərində keçirilən tədbir Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Rayonunun Korrupsiyaya qarşı Müstəqil Komissiyası (ICAC) və Mərakeş Krallığının Dürüstlük, Korrupsiyanın Qarşısının Alınması və Ona Qarşı Mübarizə üzrə Milli Orqanının (INPPLC) birgə təşkilatçılığı ilə baş tutub. Konfransda antikorrupsiya sahəsində çalışan rəhbərlər, mütəxəssislər və ekspertlər iştirak ediblər.

Azərbaycanı Baş prokurorun müavini, Hərbi prokuror Bəhruz Əhmədov, Hərbi prokurorun müavini Qasım Məmmədov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Mehman Hümmətov və həmin idarənin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Əflatun Hüseynov təmsil edib.

Müzakirələrdə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC), Bazel İdarəetmə İnstitutunun, Beynəlxalq Antikorrupsiya Akademiyasının və müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak ediblər. Panel sessiyalarında rəqəmsal texnologiyalardan və süni intellektdən istifadə, ekoloji cinayətlərin və təbii sərvətlərin qanunsuz istismarının qarşısının alınması, eləcə də antikorrupsiya mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi üzrə beynəlxalq təcrübə müzakirə olunub.

Konfransın ikinci günü Azərbaycan nümayəndə heyəti “Korrupsiyaya qarşı mübarizədə süni intellektdən istifadə” mövzusundakı müzakirələrə qoşulub. Çıxışlarda transsərhəd korrupsiya cinayətləri ilə mübarizədə rəqəmsal transformasiyanın rolu, süni intellekt həllərinin tətbiq strategiyaları və beynəlxalq təcrübənin milli səviyyəyə uyğunlaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Səfər zamanı Bəhruz Əhmədovun rəhbərlik etdiyi heyət Mərakeşin Baş prokuroru Hicham El Blaoui və INPPLC-nin prezidenti Məhəmməd Benalilu ilə də görüşüb.

Tərəflər korrupsiyaya qarşı mübarizə və hüquq-mühafizə sahələrində qarşılıqlı maraq doğuran məsələləri, süni intellektdən istifadə imkanlarını nəzərdən keçiriblər. Həmçinin qurumlararası əməkdaşlığın hazırkı vəziyyəti, təcrübə mübadiləsinin genişləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.