QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq müharibə ehtimalına hazırlıqla bağlı 100 min keçmiş hərbçiyə ünvanlanan məktubun səbəblərini açıqlayıb.

Stritinq bu qərarı COVID-19 pandemiyası zamanı üzə çıxan hazırlıqsızlıqdan nəticə çıxarılması ilə əlaqələndirib. O, LBC radiosuna müsahibəsində Müdafiə Nazirliyinin “strateji ehtiyat” statusu daşıyan keçmiş hərbçilərə məktub göndərdiyini və onlardan əlaqə məlumatlarını yeniləməyi xahiş etdiyini deyib.

Nazirin sözlərinə görə, bu cür yoxlama müntəzəm aparılmalı prosedurdur. Təşəbbüs silahlı qüvvələrdə xidmət etmiş, gələcəkdə hərbi münaqişə, müharibə və ya təbii fəlakət zamanı yenidən xidmətə çağırıla biləcək şəxsləri əhatə edir.

Stritinq qeyd edib ki, ehtiyatda olanlar ölkə daxilində, müharibə baş verərsə isə dünyanın müxtəlif bölgələrində xidmətə göndərilə bilərlər. Bu tədbirlərin əməliyyat hazırlığının ümumi mənzərəsini tamamlamağa xidmət etdiyini vurğulayıb.

“Əgər bunu bu gün etməsəydik, məndən əvvəl müdafiə naziri olmuş şəxslər kimi, gələcəkdə mən də müstəqil araşdırma komissiyası qarşısında cavab verməli olardım”, – Stritinq bildirib.

Nazir Avropadakı təhdidlər, NATO və hökumətlərin açıqlamaları fonunda müdafiə xərclərinin artırıldığını, amma strateji ehtiyat qüvvələrinə yatırımların yüksəlmədiyini deyib. O, COVID-19 pandemiyasından dərs çıxarmağın vacibliyini vurğulayıb.

Stritinq 2024–2026-cı illərdə səhiyyə naziri olduğu müddətdə pandemiya dövründəki hazırlıqsızlıq və dayanıqlılıq çatışmazlığından nəticə çıxardığını bildirib. Onun sözlərinə görə, müdafiə naziri kimi indi həmin təcrübədən əldə etdiyi dərsləri ölkənin hazırlıqlı olmasını təmin etmək üçün tətbiq edir.