QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən qeyri-yaşayış binasının istifadəsinə icazə rəsmiləşdirilib. Obyekt Məmmədov Müzəffər Kamil oğlu və Əzizov Şamil Eldar oğlunun sifarişi ilə Samir Cəfərov küçəsi, giriş 4 ünvanında inşa olunub.
Yaşayış məntəqəsi torpağında tikilmiş binanın ümumi sahəsi 179,73 kvadratmetrdir və o, bir mərtəbədən ibarətdir. Fövqəladə Hallar Nazirliyi obyektin istismara hazırlığı barədə rəyi 13 aprel 2026-cı ildə, 11911 nömrəsi ilə verib.
Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur. O, həmçinin ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində çalışır. Digər sifarişçi Müzəffər Məmmədov isə uzun müddət Eldar Əzizovun rəhbərliyi altında müxtəlif vəzifələrdə işləyən memar Kamil Məmmədovun oğludur.
Eldar Əzizov 2000–2003-cü illərdə Nizami Rayon İcra Hakimiyyətinə rəhbərlik edərkən Kamil Məmmədov həmin rayonun baş memarı olub. Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə Məmmədov Gəncənin Memarlıq və Şəhərsalma İdarəsində baş rəssam, baş memarın müavini, eləcə də Memarlıq və Tikintiyə Dövlət Nəzarəti Müfəttişliyinin rəisi kimi çalışıb.
Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik etdiyi 2011–2016-cı illərdə Kamil Məmmədov şəhərin Memarlıq və Şəhərsalma İdarəsi rəisinin müavini olub. Daha sonra Əzizov Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə keçəndə Məmmədov rayonun baş memarı işləyib. Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri olduqdan sonra isə Məmmədov Bakı Şəhər Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə rəhbərlik edib.
Azərbaycan Memarlar İttifaqının Yerli İdarəetmə Orqanlarının Memarlıq Xidmətləri üzrə Komissiyasının sədri olan Kamil Müzəffər oğlu Məmmədov 1955-ci ildə Salyan şəhərində anadan olub.
Şamil Əzizovun nazir müşaviri olmaqla yanaşı, üç şirkətin rəhbəri olduğu bildirilir. O, “Günəş-2” MMC-nin (VÖEN – 1301956231), “Green Tour” MMC-nin (VÖEN – 1302332011) və “Greenfin Food and Beverage” MMC-nin (VÖEN – 1302333191) qanuni təmsilçisidir. Bu şirkətlərdən “Günəş-2” MMC hazırda aktiv vergi ödəyicisi kimi qeyd olunur.
Məlumatda bu vəziyyətin Dövlət Qulluğu Məcəlləsinin 14.1.1-ci maddəsindəki məhdudiyyətlə uzlaşmadığı qeyd edilir. Həmin norma dövlət qulluqçularının əlavə təyinatlı vəzifə tutmasına məhdudiyyət qoyur.
Eldar Əzizovun ailə üzvləri və yaxın çevrəsi ilə əlaqəli çoxsaylı şirkətlərin fəaliyyət göstərdiyi də bildirilir. Şamil Əzizovun üç şirkətə rəhbərliyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə göndərilən sorğuya cavab verilməyib.