QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona”ya 1:4 hesabı ilə uduzduqları qarşılaşmadan sonra mətbuat konfransında sualları cavablandırıb.
Mütəxəssis oyunun gedişindən danışarkən komandasının əlindən gələni etdiyini, hətta imkanlarından artığını göstərməyə çalışdığını bildirib. Onun sözlərinə görə, “Sabah” ilk hissəyə yaxşı başlayıb və rəqibə boşluq verməməyə çalışıb.
“Onların necə ötürmələr etdiyini, nə qədər sürətlə oynadığını gördünüz. Onları izləyəndə gözlərim və boynum ağrıyırdı. Bir müddət sonra boşluqlar yarandığını və müdafiəyə qayıtmaqda çətinlik çəkdiyimizi anladıq. Xüsusilə ilk hissədə daha yaxşı oynaya bilərdik”, – Dambrauskas deyib.
Baş məşqçi qeyd edib ki, “Sabah” ölkə çempionatında daha çox şaquli futbol oynayır, lakin “Barselona” ilə matçda mərkəzdən irəliləmək mümkün olmayıb. Belə görüşdə cinahlardan istifadə etməyin vacib olduğunu deyən Dambrauskas, komandasının istədiyi qədər imkan yarada bilmədiyini vurğulayıb. Standart vəziyyətlər üzərində işlədiklərini və yaxşı fürsətlər əldə etsələr də, onları dəyərləndirə bilmədiklərini əlavə edib.
Dambrauskasın sözlərinə görə, “Barselona” ikinci hissədə də gücünü göstərib və qısa müddət ərzində məğlubiyyətdən üstünlüyə keçməyi bacarıb. “Futbolçularıma hörmət edirəm. Mübarizəni dayandırmadılar və oyun planına sadiq qaldılar. Yaxşı imkanlarımız oldu, maksimum gücümüzü ortaya qoymağa çalışdıq, amma bu kifayət etmədi”, – o bildirib.
Xəyal Əliyevin çıxışını yüksək qiymətləndirən məşqçi onun ikinci hissədə də meydanda qalmasının planlaşdırıldığını, lakin hər futbolçunun 90 dəqiqə oynaya bilməyəcəyini söyləyib. Dambrauskas Əliyevin pressinq etdiyini və hücumların qurulmasında iştirak etdiyini qeyd edib. O, futbolçunun bir-iki epizodda daha yaxşı oynaya biləcəyini desə də, onu Azərbaycanın ən yaxşı oyunçularından biri adlandırıb. Ciddi zədədən sonra ilk oyununa çıxan Əliyevin mövsümün sonunadək daha da yaxşılaşacağına ümid etdiyini bildirib.
“Sabah”ın “Barselona”dan xal almaq şansına inanıb-inanmadığı barədə suala Dambrauskas müsbət cavab verib. O, komandanın hər zaman şansının olduğuna inandığını, meydana çıxarkən məğlubiyyət ehtimalını da nəzərə aldığını söyləyib. Standart vəziyyətlərdən yararlanmağa ümid etdiklərini və qarşılaşmanın müsbət tərəflərindən ölkə çempionatında istifadə edə biləcəklərini deyib. Matçın daha ətraflı təhlil ediləcəyini də əlavə edib.
Məşqçi bu görüşdən çox şey öyrəndiklərini, hazırlıq və mental amillərin önəm daşıdığını bildirib. Onun sözlərinə görə, komanda oyuna yaxşı başlayıb, ilk hissədə rəqibə imkan verməyib və müəyyən uğura nail ola biləcəyini hiss edib. Dambrauskas mental yorğunluğun unudulmamalı olduğunu, əsas məsələnin ona necə reaksiya verməkdən ibarət olduğunu vurğulayıb.
Hansi Flikin tərifləri haqda danışan Dambrauskas “Barselona”nın baş məşqçisini tərbiyəli və yüksək mənəvi keyfiyyətlərə sahib insan kimi xarakterizə edib, sözlərinə görə ona təşəkkürünü çatdırıb.
“Zenit”dən icarəyə götürülən Du Keyruşun uyğunlaşması ilə bağlı suala cavabında litvalı mütəxəssis futbolçunu istedadlı və universal adlandırıb. O bildirib ki, Keyruş komandaya alışmağa çalışır və bu proses onun üçün asan deyil. Komandada çoxlu futbolçunun olduğunu, rotasiyalara əl atdıqlarını deyən baş məşqçi Keyruşun inkişaf edəcəyini və kollektivə daha tez uyğunlaşacağını qeyd edib.
Zedadkanın zədəsinin ciddiliyi barədə isə Dambrauskas hələ məlumatının olmadığını, həkimlərlə danışmadığını söyləyib. O, zədənin ciddi olmamasına ümid etdiyini bildirib.