QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Sesk Fabreqas gələcəkdə yetirməsi olduğu “Barselona”nın baş məşqçisi postuna gətirilməsi ehtimalı barədə danışıb.

Kataloniya klubuna bağlı olduğunu deyən Fabreqas gələcəyi uzaq müddət üçün planlaşdırmağa üstünlük vermədiyini bildirib. O, həmin komandada böyüdüyünü və klubdakı hər kəsi tanıdığını qeyd edib.

“Əlbəttə, özümü oraya aid hiss edirəm. Həmin klubda böyümüşəm və orada hər kəsi tanıyıram. Amma günün sonunda hər şeyi addım-addım düşünmək lazımdır. Heç vaxt gələcəyi, çox uzaqdan planlaşdırmağı sevməmişəm. Nə vaxt belə etmişəmsə, işlər mənim üçün yaxşı getməyib. Buna görə də hər günü olduğu kimi yaşamağa çalışıram”, – Fabreqas söyləyib.

Mütəxəssis həyat və məşqçilik yanaşmasından da söz açaraq, təzyiqə rəğmən işindən zövq almağa çalışdığını vurğulayıb. Onun fikrincə, həyat təyyarə səfərinə bənzəyir və sonun nə vaxt gələcəyini bilmək mümkün deyil. Buna görə də hər anı dəyərləndirmək, rəqabət vaxtı mübarizə aparmaq, dincəlmək və ailəyə vaxt ayırmaq gərəkdir.

“Rəqabət, təzyiq və tələblərin hamısına baxmayaraq, məşqçilikdən zövq almağa çalışıram. Daim inkişaf edən klubdayıq və böyük məsuliyyət daşıyıram. Diqqətimi bu günə yönəltmişəm. Gələcəyi həddindən artıq düşünmək, adətən, nəticə vermir”, – Fabreqas əlavə edib.