QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Barselona”nın ingiltərəli hücumçusu Entoni Qordon Bakıda keçirdiyi vaxtdan məmnun qaldığını deyib.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Sabah”la qarşılaşmada iki qol vuran Qordon komandasının qələbəsinə mühüm töhfə verib. Matçın ən yaxşı oyunçusu seçilən futbolçu görüşdən sonra Bakı barədə danışıb.
Ondan “Qarabağ”a qarşı dörd, “Sabah”a qarşı isə iki dəfə fərqlənməsindən sonra “Bakı kralı” olub-olmadığı soruşulub. Qordon bu ifadəni qəbul etməyərək paytaxtın onun üçün xüsusi məna daşıdığını bildirib.
“Bunu deməzdim, amma bura mənim üçün çox xüsusi yerdir. Het-trik etməliydim, amma sol ayağımla fürsəti qaçırdım. Çox xoşbəxtəm”, – deyə futbolçu söyləyib.
Qordon səfərin, eləcə də ailəsindən uzaqda qalmağın asan olmadığını qeyd edib. Onun sözlərinə görə, komanda “Sabah”a hörmətlə yanaşıb və öz oyununu göstərib.
Bakını yenidən ziyarət etmək istəyib-istəmədiyi barədə suala hücumçu müsbət cavab verib: “Əlbəttə, qayıtmaq istəyirəm. Ümid edirəm, tezliklə yenidən burada olaram”.
Qordon bu ilin fevralında “Nyukasl”ın heyətində “Qarabağ”la Çempionlar Liqasının pley-off mərhələsindəki görüşlərdə dörd qol vurmuşdu. “Sabah”la matçdakı dublundan sonra onun bu il Bakıda turnirdə vurduğu qolların sayı altıya yüksəlib.