QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İstanbulun “Fənərbağça” klubu qış transfer dönəmində heyətini gücləndirmək üçün Braziliyanın “Korintians” komandasında oynayan 20 yaşlı Andre Luizi nəzərdən keçirir. Futbolçu uğrunda mübarizəyə Yunanıstanın “Olimpiakos”u və İngiltərənin “Nottingem Forest”i də qoşulub.

“Fənərbağça”nın transfer planında Andre Luiz orta sahə üçün əsas namizədlərdən sayılır. İstanbul klubu “Botafogo”nun Danilo üçün 40 milyon avro tələb etməsindən sonra diqqətini gənc braziliyalıya yönəldib.

Andre Luizlə təkcə Türkiyə təmsilçisi maraqlanmır: onun çıxışını “Olimpiakos” və “Nottingem Forest” də izləyir. Hər iki kluba sahib olan yunan iş adamı Evangelos Marinakisin futbolçu ilə bağlı xüsusi planı olduğu iddia edilir.

Məlumata əsasən, Marinakis əvvəlcə Andre Luizi “Olimpiakos”a gətirib Avropa futboluna uyğunlaşdırmaq, sonradan isə “Nottingem Forest”ə yollamaq istəyir.

Mövsümün əvvəlindən izlədiyi futbolçu üçün “Fənərbağça”nın 20 milyon avro ödəməyə hazır olduğu bildirilir. Bununla belə, “Korintians” rəhbərliyi təklif ediləcək məbləğin yüksələcəyinə ümid bəsləyir.

Andre Luiz bu mövsüm Braziliya klubunda 42 rəsmi matçda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.