QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Ginnesin Rekordlar Kitabı”nda dünyanın ən kiçik kütləvi istehsal olunan avtomobili kimi qeydə alınan Peel P50 satışa çıxarılacaq.
Böyük Britaniyanın Uorvikşir şəhərində fəaliyyət göstərən Iconic Auctioneers hərrac evi 1964-cü ildə istehsal edilmiş üçtəkərli avtomobili satışa təqdim edəcək. Nadir mikromodelin qiymətinin 40-60 min funt-sterlinq arasında olacağı proqnozlaşdırılır.
Zeytun yaşılı avtomobilin uzunluğu 137, eni isə 106 santimetrdir. O, bir sürücü və bir alış-veriş çantası üçün nəzərdə tutulub. Arxa ötürücü pilləsi olmadığından geriyə getmək lazım olanda sürücü arxadakı xüsusi tutacaqdan istifadə edərək avtomobili qaldırıb çevirməlidir. Şəhər istifadəsi üçün hazırlanan model 49 sm³ mühərriklə təchiz olunub və saatda 64 kilometrədək sürət yığa bilir.
Peel P50 1962-1965-ci illər ərzində cəmi 50 ədəd istehsal edilib, bu gün isə modelin 30-dan az nümunəsi qalıb. 1964-cü ildə avtomobil 199 funt-sterlinqə satılırdı; bu məbləğ indiki alıcılıq qabiliyyəti ilə təxminən 3635 funt-sterlinqə bərabərdir. Nadirliyinə görə model həmin dövrün bir sıra klassik Britaniya idman avtomobillərindən daha yüksək qiymətləndirilir.
Hərraca çıxarılan avtomobil 1964-cü ildən bu ilin əvvəlinə qədər Finlandiyada orijinal vəziyyətdə qorunub. Satış noyabrın 14-də keçiriləcək.