QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Şahzadə Harri, britaniyalı müğənni Elton Con və daha dörd tanınmış şəxs məhkəmə qərarının yenidən nəzərdən keçirilməsi üçün Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Onlar “Daily Mail” qəzetinin naşiri “Associated Newspapers”ə qarşı iddiaları təmin edilmədikdən sonra şikayət veriblər. Müraciət edənlər həm iddianın rədd olunmasına, həm də məhkəmə xərclərinin onların üzərinə qoyulmasına qarşı çıxırlar. Qərar nəticəsində ödəməli olduqları məbləğ 50 milyon funt sterlinqi keçə bilər.

Şikayəti Harri və Elton Conla yanaşı, müğənninin həyat yoldaşı Devid Ferniş, aktrisalar Elizabet Hörli və Sədi Frost, eləcə də baronessa Dorin Lourens təqdim edib. Onların nümayəndəsi qərarın hüquqi və faktiki cəhətdən yanlış olduğu qənaətində olduqlarını deyib.

Məhkəmə iddiaçılardan ilkin mərhələdə təxminən 9,5 milyon funt sterlinq, yəni 13 milyon dollar ödəməyi tələb etmişdi. Məhkəmə xərclərinin yekun məbləği hələ açıqlanmayıb.

Məşhurlar qəzet əməkdaşlarını və onlarla işləyən şəxsi detektivləri şəxsi məlumatları qanunsuz əldə etməkdə, telefon danışıqlarını dinləməkdə və səsli mesajları ələ keçirməkdə ittiham etmişdilər. Nəşriyyat ittihamları qəbul etməyərək məlumatların qanuni mənbələrdən alındığını bildirmişdi.

11 həftəlik prosesin sonunda hakim Metyu Niklin iddiaçıların ittihamlarını sübuta yetirə bilmədikləri qənaətinə gələrək nəşriyyatın xeyrinə qərar çıxarıb. 436 səhifəlik sənəddə məlumatların qanunsuz üsullarla toplandığına dair ehtimalların sübut sayılması üçün yetərli olmadığı qeyd olunub.

Harri daha əvvəl də Britaniya tabloidləri ilə məhkəmə mübahisələrində iştirak edib. O, telefonlarının qanunsuz dinlənilməsi ilə bağlı “Mirror Group Newspapers”ə qarşı iddiasında qalib gəlib. 2025-ci ildə isə “News Group Newspapers” onunla bağlı ayrıca mübahisəni təzminat ödəməklə yekunlaşdırıb.