QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Moskvanın Tversk Məhkəməsi paytaxtdakı “Kolumbus” və “Prajski Passaj” ticarət mərkəzlərinin, eləcə də “Armada” mebel mərkəzinin keçmiş həmtəsisçisi Solomon Manaşirovu qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edib.

Beynəlxalq axtarışda olan iş adamı hədə-qorxu ilə pul tələb etməkdə, vergidən yayınmaqda və çirkli pulları yumaqda təqsirli sayılıb. Hökm dövlət ittihamçısının istədiyi cəza ilə eynidir.

Məhkəmə istintaq dövründə üzərinə həbs qoyulmuş, 141 milyon rubl dəyərində əmlakın müsadirə edilməsinə qərar verib. Həmçinin zərərçəkmiş tərəfin 530 milyon rubl məbləğində mülki iddiası təmin olunub.

Quba rayonunun Qırmızı Qəsəbə kəndində anadan olmuş 55 yaşlı Manaşirova 2016-cı ilin martında ittiham elan edilmişdi. Ona məxsus “Karenfor” şirkəti Moskvanın Kirovoqrad küçəsində yerləşən ticarət mərkəzinə görə vergidən yayınmaqda günahlandırılırdı.

İstintaqın qənaətinə əsasən, şirkət 2012–2014-cü illərdə təxminən 978 milyon rubl əlavə dəyər vergisini ödəməyib. Prokurorluq bildirib ki, həmin pul daha sonra bir-biri ilə bağlı 18 təşkilat vasitəsilə leqallaşdırılıb.

İşə sonradan şantaj epizodu da daxil edilib. İstintaq və məhkəmənin məlumatına görə, Solomon Manaşirov böyük qardaşı Gennadi ilə birlikdə iş adamı Januko Rafailovdan və onun qardaşı Dondan cinayət təqibinin dayandırılması qarşılığında 5 milyon dollar istəyib. Qardaşlar problemi həll etmək üçün Moskva polisi ilə əlaqələrindən yararlanmağı planlaşdırıblar.

Rafailov 2015-ci ilin noyabrında FSB-yə müraciət etdikdən sonra iki müstəntiq və vasitəçi rolunu oynayan Gennadi Manaşirov ilk 2 milyon rublun köçürülməsi zamanı saxlanılıb. Sxemdə iştirak edənlər 2018-ci ildə korrupsiya cinayətlərinə görə məhkum olunublar.

Gennadi Manaşirov sonradan rüşvət və şantaj ittihamları ilə 15 il həbs cəzası alıb. 2026-cı ilin sentyabrında onun barəsində qətl ittihamı üzrə məhkəmə prosesi başlayıb. Müstəntiqlər cinayətin təxminən 24 il əvvəl qan davası zəminində törədildiyini ehtimal edirlər.

Solomon Manaşirov 2016-cı ildə Rusiyanı tərk edib və o vaxtdan xaricdə yaşayır. Onun İsrail pasportu var.