QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müasir avtomobillərdə elektron açarlar qapıları açmaqla yanaşı, mühərriki işə salır və təhlükəsizlik sisteminin idarə edilməsində iştirak edir. Belə açarın itməsi sürücüyə əlavə xərc yarada, texniki çətinliklərə və təhlükəsizliklə bağlı problemlərə səbəb ola bilər.

Nəqliyyat eksperti Raqif Raufoğlu açıqlamasında bildirib ki, yeni açarın hazırlanma qaydası avtomobilin markası və modelinə görə dəyişir. O, avtomobili alarkən ehtiyat açarın olub-olmadığını yoxlamağı, yalnız bir açar verilərsə, mövcud açarın proqram kodu əsasında ikinci açarı əvvəlcədən hazırlatmağı tövsiyə edib.

Ekspertin sözlərinə görə, açar itəndə sürücü həm avtomobilə daxil olmaq, həm də yenisini əldə etmək üçün usta axtarmalı olur. Bu, xüsusən rayonlarda və yaşayış məntəqələrindən uzaqda baş verərsə, çətin vəziyyət yarada bilər.

Raufoğlu qeyd edib ki, təhlükəsizlik sistemləri mürəkkəbləşdikcə bəzi avtomobillərin açarını hazırlamaq da çətinləşir. Son 5-7 ildə istehsal olunan bəzi “Mercedes” modellərində açarın adi üsulla hazırlanması mümkün olmur. Belə hallarda ustaya avtomobilin proqram təminatı ilə bağlı məlumat istehsalçıdan və ya rəsmi dilerdən lazım gəlir. Bəzi markalarda bu prosedur təhlükəsizlik məqsədilə xüsusi qaydada aparılır.

Digər avtomobillərdə isə usta mövcud açardan və ya avtomobildən müvafiq kodu götürərək yeni açar düzəldə bilir. Ekspert fövqəladə vəziyyətlər üçün mexaniki açar saxlamağın da faydalı olduğunu vurğulayıb: elektron açar işləmədikdə bu vasitə qapıların açılmasına kömək edə bilər.

Raufoğlunun sözlərinə görə, bəzi yeni avtomobillərdə mexaniki açar ümumiyyətlə nəzərdə tutulmur. Bununla belə, yeni nəsil modellərdə alternativlər var: müəyyən Çin avtomobillərini mobil telefonla idarə etmək, bəzi modellərdə isə Wi-Fi bağlantısı vasitəsilə funksiyaları məsafədən aktivləşdirmək mümkündür. Açarın hazırlanması və ehtiyat variantların seçimi avtomobilin texniki xüsusiyyətləri və təhlükəsizlik sistemləri nəzərə alınmaqla müəyyənləşdirilir.