QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Vətən müharibəsində iştirak edən Oğuz sakini Elşən Əhmədli 23 yaşında Şuşa uğrunda döyüşlərdə şəhid olub. Onun anası Şərafət Çələbiyeva oğlu ilə sonuncu dəfə noyabrın 4-də danışdığını bildirib.

Çələbiyevanın sözlərinə görə, oğlundan müharibənin nə vaxt bitəcəyini soruşanda Elşən “az qalıb” cavabını verib. Noyabrın 8-də Zəfər xəbəri gəlsə də, Elşəndən xəbər çıxmayıb.

“Onun anası olduğum üçün fəxr edir, qürur duyuram. Qəhrəman böyütdüyümdən xəbərim olmayıb”, – şəhidin anası deyib.

Elşənin döyüş yolu Füzulidən başlayıb. O, noyabrın 8-də Şuşa-Xankəndi əməliyyatı zamanı şəhid olub. Şərafət Çələbiyevanın üç övladı var, Elşən ailənin kiçik övladı olub.

Şəhid anası Qarabağın işğaldan azad olunmasının əsgərlərin, Elşən kimi oğulların fədakarlığı sayəsində mümkün olduğunu qeyd edib.