QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada nümayiş etdirdikləri birliyi iki ölkə arasındakı qardaşlığın mühüm təzahürü kimi dəyərləndirib.
Kılıçın fikrincə, liderlərin 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşada görüşməsi “Bir millət, iki dövlət” prinsipinin önəmini bir daha göstərib. O, bu anlayışın sadəcə şüar deyil, sarsılmaz mənəvi və taleyüklü bağlılıq olduğunu vurğulayıb.
Birgə mətbuat konfransında Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlıq, qarşılıqlı inam və həmrəylik məsələləri önə çəkilib. İlham Əliyev 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstəyin unudulmayacağını bildirib. Rəcəb Tayyib Ərdoğan isə Qarabağ Zəfərinin bütün Türk dünyasının ortaq qüruru olduğunu qeyd edib. Prezidentlərin əl-ələ verərək əllərini qaldırması Şuşadan verilən birlik mesajının rəmzi görüntüsü kimi təqdim olunub.
Yazıda Hulusi Kılıçın Azərbaycanda səfir olduğu müddətdə iki ölkənin siyasi, diplomatik, mədəni və ictimai əlaqələrinin inkişafına verdiyi töhfələr də xatırladılıb.
Türkiyə ilə Azərbaycanın əməkdaşlığının ikitərəfli əlaqələrlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın güclənməsi üçün də əhəmiyyət daşıdığı bildirilib. Şuşada liderlərin nümayiş etdirdiyi ortaq iradənin təşkilat və daha geniş Türk coğrafiyasında əməkdaşlıq baxımından tarixi məna kəsb etdiyi vurğulanıb.
Məqalədə Cənubi Qafqazda davamlı sülhün qurulması və regional sabitliyin möhkəmləndirilməsi, eləcə də nəqliyyat, enerji, ticarət və digər istiqamətlərdə əməkdaşlığın artırılması məsələlərinə də diqqət ayrılıb. Şuşadan verilən birlik mesajının Türkiyə-Azərbaycan qardaşlığının gələcəyə inamla davam edəcəyini ifadə etdiyi qeyd olunub.