QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyədə Halk TV telekanalı ilə bağlı istintaq üzrə üçüncü əməliyyat keçirilib. Saxlanılan 9 nəfər arasında telekanalın aparıcısı Ece Üner və onun həyat yoldaşı Deniz Bayramoğlu da var.
İstanbul Respublika Baş Prokurorluğunun apardığı və ictimaiyyətdə “Halk TV-nin maliyyələşdirilməsi əməliyyatı” adlandırılan araşdırmada 12 nəfər barədə saxlanılma qərarı çıxarılıb.
Şəxslərə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq, cinayət məqsədli təşkilat yaratmaq və onun üzvü olmaq, ictimaiyyəti çaşdıran məlumatlar yaymaq, rüşvət vermək, tender proseslərinə müdaxilə etmək və vergi qanunlarını pozmaq ittihamları irəli sürülüb.
İstintaq materiallarında Halk TV-nin sahibi Cafer Mahiroğlunun maliyyə maraqlarına xidmət etmək üçün İzmir Böyükşəhər Bələdiyyəsinin müvafiq qurumlarının 2021-ci ildən bəzi tenderləri qanunsuz keçirdiyi iddia olunur. Həmin prosesdə rüşvət və saxta hesab-fakturalardan yararlanıldığı bildirilir.
Prokurorluğun iddiasına görə, Bustech şirkəti vasitəsilə əldə olunan pul müxtəlif şirkət və şəxslərin hesablarından keçirilməklə leqallaşdırılmağa çalışılıb. Bundan başqa, telekanalın bəzi əməkdaşlarına qeyri-rəsmi ödənişlər edilməsinin və bunun qarşılığında sifarişli xəbərlər hazırlanmasının təmin olunduğu iddia edilir.
Saxlanılanlar sırasında Ece Üner və Deniz Bayramoğlundan başqa, İzmir Böyükşəhər Bələdiyyəsinin Maşın Təchizatı, Texniki Xidmət və Təmir Departamentinin rəhbəri Ulaş Eroğlu, eləcə də bir sıra şirkət rəhbərləri yer alır.
İstintaqın əvvəlki əməliyyatlarında 19 nəfər saxlanılıb. Onlardan səkkizi barəsində həbs qətimkan tədbiri seçilib.
Son əməliyyatda saxlanılması qərara alınan 12 nəfərdən 9-u tutulub. Bir nəfərin ölkə xaricində olduğu, digər şəxsin isə başqa cinayət işi üzrə həbsdə saxlanıldığı bildirilir. Daha bir nəfərin axtarışı aparılır.
İş üzrə təqdim olunan məlumatlar istintaq orqanlarının iddialarıdır. Şəxslərin təqsiri yalnız məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilə bilər.