QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Mətbuat Şurası informasiya məkanında baş verən proseslər fonunda media qurumlarını və jurnalistləri peşəkar davranmağa çağıran bəyanat yayıb.

Şura bildirib ki, son vaxtlar bəzi media təqdimatlarında hadisələrin mahiyyətini işıqlandırmaq əvəzinə süni rezonans yaratmağa yönələn yanaşmalara rast gəlinir. Qurumun mövqeyinə görə, jurnalistika ictimai marağa xidmət etməli, hadisələr auditoriyanın diqqətini toplamaq üçün vasitəyə çevrilməməlidir.

Bəyanatda tanınmış şəxslər, o cümlədən vəzifə səlahiyyətləri başa çatmış şəxslər barədə yoxlanılmayan məlumatların, əsassız ittihamların və alçaldıcı ifadələrin yayılması qəbuledilməz sayılıb. Şura belə təqdimatların ictimai müzakirə mədəniyyətinə də zərər vurduğunu qeyd edib.

Uşaqlarla bağlı məlumat və görüntülərin paylaşılmasında yol verilən nöqsanlar da narahatlıq doğuran məsələlər sırasında göstərilib. Şuranın vurğuladığına görə, uşaqların şəxsi həyatının, kimliyinin və mənafelərinin qorunması medianın mühüm etik öhdəliyidir. Faciəvi hadisələrdən zərər çəkmiş uşaqların kimliyini və şəxsi məlumatlarını açıqlamaq yolverilməzdir.

Qurum vətəndaşların şəxsi və biometrik məlumatlarının yayılmasını, eləcə də bədbəxt hadisələrdə zərərçəkənlər barədə təsdiqlənməmiş informasiyanın tirajlanmasını peşə etikası prinsiplərinin pozulması kimi qiymətləndirib.

Bəyanatda bəzi media materiallarında təqsirsizlik prezumpsiyasının nəzərə alınmaması ayrıca problem kimi qeyd olunub. Məhkəmə hökmü qanuni qüvvəyə minməmiş şəxslərin cinayətkar kimi təqdim edilməsi və onların ictimai linçə məruz qalmasına çağırışlar hüquqi dövlət prinsiplərinə uyğun hesab edilmir.

Mətbuat Şurası jurnalistikanın nüfuzuna, vətəndaşların hüquq və qanuni mənafelərinə, eləcə də şəxsi və işgüzar nüfuzlarına zərər vuran hallara qarşı prinsipial mövqe tutacağını bildirib. Qurum media subyektlərini və jurnalistləri insan hüquqlarına, şəxsi həyatın toxunulmazlığına, təqsirsizlik prezumpsiyasına və “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na ciddi riayət etməyə çağırıb.