QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Vətən müharibəsi şəhidi, Azərbaycan Ordusunun kiçik çavuşu Hüseyn Tağıyevin anası Mətanət Məmmədova oğlunun vətənini sevən hərbçi olduğunu bildirib.

Onun sözlərinə görə, Tağıyev Füzulinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 5-də Füzuli rayonunda gedən döyüşlərdə şəhid olan Hüseynin 29 yaşı var idi. O, evli olub, bir qızı yadigar qalıb. Şəhid olduğu vaxt qızı altı aylıq imiş.

Mətanət Məmmədova oğlunun bayrağını sevən, mərd və vətənpərvər insan olduğunu deyib. O bildirib ki, Hüseyn Tağıyev Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Şəhid anası qələbənin şəhidlərin fədakarlığı sayəsində əldə olunduğunu vurğulayıb, onlara rəhmət, qazilərə şəfa diləyib. O, Ali Baş Komandan, Prezident İlham Əliyevə təşəkkürünü bildirərək zəfərin əbədi olmasını arzulayıb.