QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Bakının Dənizkənarı Milli Parkında bayram konserti təşkil olunub.
Tədbir Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.
Konsert 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordunun qazandığı tarixi Zəfərin altıncı ildönümünə həsr edilib. Proqramda tanınmış incəsənət xadimləri, müğənnilər və rəqs kollektivləri səhnəyə çıxıblar.
İfa olunan musiqi əsərləri Azərbaycanın qəhrəmanlıq tarixini, Vətənə sevgini, milli ruhu və xalqın sarsılmaz iradəsini əks etdirib. Vətənpərvərlik mahnıları, səhnə kompozisiyaları və rəqslər tarixi Qələbənin doğurduğu qürur ovqatını çatdırıb.
Bayram proqramı atəşfəşanlıqla başa çatıb.