QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında silsilə tədbirlər keçirilib. Təşkilatçılıq Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən həyata keçirilib.
Tədbirlərin məqsədi tarixi Qələbənin əhəmiyyətini vurğulamaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, milli birlik və həmrəylik dəyərlərini təşviq etmək, Zəfər Gününün ictimaiyyət tərəfindən geniş qeyd olunmasına şərait yaratmaq olub.
Əsas tədbirlər noyabrın 8-də saat 11:00-da başlayıb. Ağdam şəhərində mərasim “Ağdam City Hotel”də, Füzulidə Mirzə Uluqbəy adına tam orta məktəbdə, Xocavənddə isə 1 nömrəli tam orta məktəbdə təşkil olunub.
Proqramda konsertlər və şagirdlərin vətənpərvərlik mövzusunda şeir çıxışları yer alıb. Ağdam və Füzulidə “Zəfər Rəqsi” bədii filmi nümayiş etdirilib. Xocavənddə isə Ağdam Dövlət Dram Teatrı “Mübariz” tamaşasını təqdim edib.
Tədbirlərə dövlət rəsmiləri, ziyalılar, şəhid ailələri, qazilər və rayon sakinləri qatılıblar. İştirakçılar arasında Prezidentin xüsusi nümayəndəliyinin, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları da olub.
Zəfər Günü proqramlarının tarixi Qələbənin mənasını gələcək nəsillərə çatdırmaq, milli qürur və vətənpərvərlik hisslərini möhkəmləndirmək baxımından əhəmiyyət daşıdığı bildirilib.