QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə Ermənistan tərəfinin yeni ərazilər uğrunda müharibə ilə hədələdiyini və “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi ilə Azərbaycanın ləyaqətini alçaltmağa çalışdığını bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu təhdidlərə döyüş meydanında cavab verib və tərəflərin gücü orada aydın görünüb. Onun sözlərinə görə, Azərbaycan Ordusunda qaçan və ya fərarilik edən bir nəfər də olmayıb. Ermənistan rəhbərliyinin etirafına əsasən isə həmin ölkənin ordusunda fərarilərin sayı 12 minə yaxın olub.

İlham Əliyev bildirib ki, Azərbaycan döyüş meydanında tam üstünlük əldə edib. Şuşanın azad olunması 8 noyabrda, Zəfər bayramı qeyd edilən gün, faktiki olaraq İkinci Qarabağ müharibəsinin taleyini həll edib. Dövlət başçısının sözlərinə görə, Ermənistan noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayıb.