QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, rayonun işğalından sonra dünyaya gələn şəxslər məcburi köçkün statusu ala biləcəklər. Bununla əlaqədar statusun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarına düzəliş olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarına uyğun olaraq, müraciət edənlərdən tələb ediləcək sənədlər müəyyənləşdirilib.
Siyahıya şəxsin şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin əsli ilə təqdim olunan surətləri daxildir. Həmçinin ananın şəxsiyyət vəsiqəsi və nikah şəhadətnaməsi, eləcə də atanın şəxsiyyət vəsiqəsi surətləri ilə birlikdə təqdim edilməlidir.
Nikahı pozulmuş şəxslər nikahın pozulmasını təsdiqləyən şəhadətnaməni, nikah qeydə alınmayıbsa, atalığın müəyyən edilməsi haqqında sənədi təqdim etməlidirlər.
Bundan əlavə, atanın məcburi köçkün vəsiqəsi və ya onun işğal nəticəsində tərk etdiyi rayonun icra hakimiyyəti başçısı, yaxud müavini tərəfindən verilmiş arayış tələb olunur. Sənədlərə ağ fonda çəkilmiş iki ədəd 3x4 ölçülü rəngli fotoşəkil də əlavə edilməlidir.