QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanın dövlətçilik tarixini beynəlxalq auditoriyaya çatdırmaq üçün həm tarixi arxiv materiallarının araşdırılması, həm də Cümhuriyyət dəyərlərinin önə çəkilməsi təklif olunur. Bu barədə tədqiqatçı alim Zaur Əliyev və Milli Məclisin deputatı Fazil Mustafa fikirlərini bölüşüblər.
Azərbaycan ərazisində dövlət qurumları və etnik-siyasi birliklər e.ə. IV minilliyin sonu – III minilliyin başlanğıcından formalaşmağa başlayıb. Sonrakı dövrlərdə Manna, Midiya, Atropatena və Albaniya kimi dövlətlər mövcud olub. IX əsrin ortalarından etibarən Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər və Şəddadilər, daha sonra isə Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular və Səfəvilər dövlətçilik ənənəsini davam etdiriblər.
1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə və digər ziyalıların iştirakı ilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilib. 1920-ci il aprelin 28-də ölkədə sovet işğalı başlayıb, sonrakı mərhələlərdə Azərbaycan ərazisi kiçildilib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.
Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizi təxminən 30 il işğal altında qalıb. 2020-ci ildəki 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Zaur Əliyev bildirib ki, ölkənin dövlətçilik tarixinə dair çoxsaylı kitablar yazılsa da, bu əsərlərin və müəllif alimlərin beynəlxalq səviyyədə tanıdılması zəifdir. Onun sözlərinə görə, Avropa və Çin arxivlərində Azərbaycan tarixini əks etdirən dəyərli materiallar saxlanılır.
Alim qeyd edib ki, qədim dövrdən müasir zamana qədərki dövlətçilik tarixi haqqında nəşrlərin 60-70 faizi sovet vaxtı hazırlanan kitabların tərcümələridir. O, saxta sənədlərlə mübarizə aparmaq üçün ilkin mənbələrin araşdırılmasının vacibliyini vurğulayıb.
Əliyevin sözlərinə görə, Azərbaycan alimlərinin Avropa və dünya arxivlərinə fərdi çıxış imkanları məhduddur. Gənc alim Fərid Ələkbərli Vatikanda, başqa bir gənc tədqiqatçı isə Florensiyada arxiv materialları üzərində işləyib. Bununla belə, alimlərin əsərlərinin xarici auditoriyaya çatdırılmasında gecikmə var. O, kitablar əsasında qısa sənədli filmlər hazırlanmalı olduğunu da bildirib.
Tədqiqatçı bildirib ki, sənədləri əldə etmək və tərcümə etdirmək üçün maliyyə lazımdır. Xaricdə bir səhifənin tərcüməsinin 10 avroya başa gəldiyini deyən Əliyev, öz vəsaiti hesabına ermənilərin uydurma soyqırımı iddialarını təkzib edən sənədlər topladığını, Babək haqqında Bizans, Fransa və Yunanıstan arxivlərindən materiallar əldə etdiyini söyləyib. Almaniya və İsveç arxivlərindən də Azərbaycan dövlətçilik tarixinə aid çoxsaylı sənədlər tapılıb, lakin onların tərcüməsinə vəsait tələb olunur.
Əliyev hesab edir ki, tarixi həqiqətləri Avropa mənbələrində, arxivlərdə və əlyazmalarda araşdırmaq lazımdır. Onun fikrincə, müvafiq dövrlərə aid sənədlər, səyyah və missionerlərin məktub və əsərləri tərcümə edilərək geniş yayılsa, saxta iddiaları ifşa etmək mümkün olar. O, xarici alimlərin Azərbaycanın mövqeyini müdafiə edən kitablarının ölkəyə gətirilməsini, PDF formatında yayımlanmasını və bunun üçün onlayn platforma yaradılmasını da vacib sayıb.
Deputat Fazil Mustafa isə dövlətçilik tarixinin beynəlxalq təbliğinin seçilən istiqamətdən asılı olduğunu bildirib. Onun fikrincə, dünya auditoriyasının diqqətini daha çox Azərbaycanın yeni tarixinə, xüsusilə Cümhuriyyət dövrünə yönəltmək olar.
Mustafanın sözlərinə görə, qadınlara seçki hüququnun verilməsi, Şərqdə ilk demokratik cümhuriyyətin qurulması, parlamentçilik ənənəsi, eləcə də qanunverici orqanda müxtəlif xalqların təmsil olunması Azərbaycanın tanıdılmasında önə çıxarıla biləcək dəyərlərdir. O düşünür ki, dövlətçilik ənənələrini yalnız tarixdə qurulmuş dövlətlərin sayı ilə deyil, bu dəyərlərlə təqdim etmək daha səmərəli nəticə verə bilər.