QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Rusiyanın Kareliya Respublikasında noyabrın 25-də saat 19:53 radələrində gecə səması qısa müddətə parlaq mavi-yaşıl işığa bürünüb.
Müşahidə kameraları hadisəni Petrozavodsk və Vilqa kəndi ilə yanaşı, Kondopoqa, Segeja, Çalna və Kostomukşa şəhərlərində də qeydə alıb. Şahidlər səmanın təxminən iki saniyə gündüz kimi işıqlandığını, parıltının səssiz baş verdiyini və ardınca partlayışı xatırladan görüntünün yarandığını bildiriblər. İşıq daha sonra tədricən sönüb.
Astronomların ilkin qənaətinə əsasən, parlaq meteor Yer atmosferinin sıx təbəqələrinə daxil olaraq yanıb və parçalanıb. Mütəxəssislər meteorun tərkibindəki maqnezium və nikel kimi elementlərin yanma zamanı mavi-yaşıl parıltı yaratdığını qeyd edirlər.
Təxminən eyni vaxtda oxşar işıqlı meteor ABŞ-nin Miçiqan və Ohayo ştatlarında, eləcə də Kanadanın Ontario əyalətində müşahidə olunub.
Hadisə ilə əlaqədar dağıntı və ya xəsarət barədə məlumat yoxdur. Rəsmi qurumlar məsələ ilə bağlı hələ açıqlama verməyib.