QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Kəpəz” 2026-cı il üzrə Gəncə şəhər stadionunda keçirilən oyunlarını başa çatdırıb.

Komanda cari mövsümdə doğma arenada ölkə çempionatı çərçivəsində yeddi, kubokda isə bir dəfə meydana çıxıb. Beləliklə, Gəncədə ümumilikdə səkkiz qarşılaşma baş tutub.

Bu oyunları tribunadan cəmi 98 800 tamaşaçı izləyib. Gəncəli azarkeşlərin marağı ilə seçilən matçlardakı atmosfer avrokubok görüşləri səviyyəsində olub.

Ən çox tamaşaçı noyabrın 22-də “Qarabağ”la qarşılaşmada qeydə alınıb: oyuna 15 500 nəfər gəlib. Sentyabrın 4-də “Şamaxı” ilə matçı 15 000, sentyabrın 20-də “Sumqayıt”la görüşü 14 500, oktyabrın 18-də “Zirə” ilə oyunu isə 13 800 azarkeş izləyib.

Avqustun 30-da “Turan Tovuz”la keçirilən qarşılaşmada 13 500, sentyabrın 12-də “Qəbələ” ilə matçda 11 000, noyabrın 1-də “İmişli” ilə oyunda 10 500 tamaşaçı olub. Oktyabrın 28-də “Baku Sportinq”lə kubok görüşünə isə 5 000 azarkeş qatılıb.

Göstəricilər Gəncə şəhər stadionunun ölkənin ən çox azarkeş toplayan futbol arenalarından biri olduğunu təsdiqləyir.