QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İn Rusiyadan gələn incəsənət nümayəndələrinin Pxenyanda təşkil olunan konsertinə qatılıb. Tədbirdə Rusiyanın xalq artisti, Bakıda doğulan Larisa Dolina da səhnəyə çıxıb.

Konsert Rusiya ilə KXDR arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasına həsr olunub.

Tədbir başa çatdıqdan sonra ifaçılara gül səbətləri verilib. Kim Çen İn səhnəyə çıxaraq Dolina ilə əl sıxıb, sənətçiləri təbrik edib və onlarla birgə xatirə fotosu çəkdirib.

Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakıda anadan olub. Ailəsi Odessadan olsa da, o, üç yaşına qədər paytaxtda yaşayıb, daha sonra valideynləri ilə həmin şəhərə köçüb.

Müğənni 1970-ci illərdə Xalq artisti Polad Bülbüloğlunun rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Ansamblında solist kimi çalışıb. Dolina 2015-ci ildə Bakıda Bülbüloğlunun 70 illik yubiley tədbirində çıxış edərkən paytaxtı doğma şəhəri adlandırmış, yaradıcılığının ən gözəl illərini Azərbaycan ansamblında keçirdiyini söyləmişdi.