QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistan parlamentində hökumətin sual-cavab sessiyasında Baş nazir Nikol Paşinyan müxalif deputat Mesrop Manukyana sərt cavab verib. Paşinyan tribunadan “Mən əsgərin çörəyini oğurlayıb general Manvelin ayılarına verməmişəm. Sən tam oğrusan, ayı qaşıyansan, daha betərsən” deyib. Bu sözlər ölkədə əvvəllər baş vermiş qalmaqallı hadisələri yenidən gündəmə gətirib.
Paşinyan müxalifəti korrupsiya və siyasi kurs məsələlərində ittiham edərkən Manvel Qriqoryanın adını çəkib. Keçmiş general-leytenantla bağlı iş Ermənistan cəmiyyətində əsgərlər üçün toplanan ərzağın mənimsənilməsi və korrupsiya ittihamları ilə yadda qalıb.
Manvel Sektori Qriqoryan 14 iyul 1956-cı ildə Ermənistan SSR-in Eçmiədzin rayonunun Arşaluys kəndində doğulub. 1975–1977-ci illərdə Sovet ordusunda xidmət edən Qriqoryan daha sonra Ermənistana qayıdıb və 1990-cı illərin əvvəllərində Qarabağ müharibəsində iştirak edib.
Müharibə dövründə “5-ci briqada”ya rəhbərlik edən Qriqoryan Azərbaycanın Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı əməliyyatlarında iştirak edib. 1996–2000-ci illərdə Ermənistan Müdafiə Nazirliyinin 1-ci ordu korpusunun komandiri olub, 2000–2008-ci illərdə isə müdafiə nazirinin müavini vəzifəsində çalışıb. 2000-ci ildə ona general-leytenant rütbəsi və qondarma “Artsax qəhrəmanı” adı verilib.
Qriqoryan 1999–2018-ci illərdə müharibə veteranlarını birləşdirən “Yerkrapa” Könüllülər İttifaqına sədrlik edib. 2012-ci ildə hakim Ermənistan Respublika Partiyasının siyahısı ilə parlamentə seçilib. Oğlu Karen Qriqoryan uzun müddət Eçmiədzin (Vağarşapat) şəhərinin meri olub.
Qriqoryanın adı Xocalı soyqırımı və Azərbaycanın işğal olunmuş ərazilərində mülki əhaliyə qarşı törədilən cinayətlərlə bağlı da hallanıb. O, 2014-cü ildə Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində Birinci Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı əsiri özü ilə gətirdiyini və onları şəxsi evində işlətmiş olduğunu bildirib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts açıqlamanı Cenevrə Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirib və cinayət işi başlanmasını tələb edib.
2018-ci il iyunun 16-da Ermənistan Milli Təhlükəsizlik Xidməti Qriqoryanın Eçmiədzindəki malikanəsində və bağ evlərində axtarış aparıb. Məlum olub ki, 2016-cı ilin Aprel döyüşləri zamanı məktəblilərin və sakinlərin cəbhə üçün topladığı minlərlə ət konservi, alt paltarı, gigiyena vasitəsi və dərman, eləcə də uşaqların əsgərlərə yazdığı məktublar onun anbarlarında saxlanılıb.
MTX-nin açıqlamasına əsasən, əsgərlər üçün nəzərdə tutulmuş konservlər Qriqoryanın şəxsi zooparkındakı ayılara, pələnglərə və dəvəquşulara verilib. Paşinyanın parlamentdə söylədiyi ifadə bu hadisəyə istinad edib. Axtarışlarda tank əleyhinə qumbaraatanlar, avtomatlar və minlərlə patron, həmçinin retro və bahalı avtomobillərin olduğu qaraj və vergidən yayınma ilə bağlı sənədlər də aşkarlanıb. Bundan sonra Qriqoryana “Tuşonka Manvel” ləqəbi verilib.
İyunun 19-da parlament Qriqoryanı deputat toxunulmazlığından məhrum edib və o, həbs olunub. Həyat yoldaşı Nazik Amiryan qanunsuz silah saxlama və mənimsəmə ittihamları üzrə istintaqa cəlb edilib, oğlu Karen isə mer postundan istefa verib.
Şəkərli diabet və onkoloji xəstəliklərdən əziyyət çəkən Qriqoryanın səhhəti pisləşdikdən sonra, 2020-ci ilin yanvarında həbs qətimkan tədbiri ölkədən çıxmamaq iltizamı ilə əvəz edilib. İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gedən Qriqoryan koronavirusa yoluxub. O, 19 noyabr 2020-ci ildə İrəvandakı xəstəxanada 64 yaşında dünyasını dəyişib.
Qriqoryanın “Yerablur” hərbi panteonunda dəfn olunması nəzərdə tutulsa da, cəmiyyət və müharibə iştirakçılarının etirazından sonra ailəsi bu qərarı dəyişib. O, doğulduğu Arşaluys kəndində dəfn edilib. Erməni mətbuatının yazdığına görə, ölümündən sonra da onun adına olan torpaqların qanunsuz özəlləşdirilməsi və mənimsənilməsi ilə bağlı məhkəmə araşdırmaları aparılıb.