QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Rusiya, ABŞ və Çin liderlərinin ehtimal olunan üçtərəfli görüşündə müzakirə ediləcək məsələlərin siyahısı hazırda razılaşdırılır. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, gündəliyin razılaşdırılması kompromis tələb edir. Bəzi mövzular tərəflərdən biri üçün maraq doğursa da, digər tərəf onları məqsədəuyğun saymaya bilər.

Vladimir Putin, Donald Tramp və Si Cinpinin görüşünün noyabrın ikinci yarısında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq sammiti çərçivəsində baş tutması gözlənilir.

Peskov dekabrda Mayamidə keçiriləcək G20 sammitində Putinin iştirak edib-etməyəcəyi barədə danışarkən hələlik bu məsələ ilə bağlı uzaq perspektivli proqnozlar verməməyi məsləhət görüb.

Ümumavropa təhlükəsizliyi barədə danışan Kremlin sözçüsü Moskva ilə Avropa paytaxtları arasında bu mövzuda birbaşa əlaqələrin olmadığını deyib. Onun bildirdiyinə görə, Avropa ölkələri hələ öz adlarından danışıqlar aparmaq səlahiyyətinin kimə veriləcəyini müəyyən etməyiblər.

Eyni zamanda, Kreml ABŞ-la Avropa müttəfiqləri arasında bu məsələ ilə əlaqədar müntəzəm təmasların aparıldığından xəbərdardır.