QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts hakim Xristian Demokrat İttifaqının (XDİ) 61 yaşlı İlze Aiqneri ölkə prezidentliyinə namizəd irəli sürdüyünü açıqlayıb. Aiqner Bavariya Landtaqının sədridir.

Namizədliyə hakim koalisiyada təmsil olunan Sosial Demokrat Partiyası (SDP) və “Birlik 90/Yaşıllar” da dəstək verib.

Almaniyada prezident seçkilərinin 2027-ci il yanvarın 30-da keçirilməsi nəzərdə tutulur. Dövlət başçısını bu seçim üçün çağırılan Federal Məclis müəyyənləşdirir. Məclis Bundestaqın bütün üzvlərindən və 16 federal torpağın parlamentlərinin göndərdiyi, deputatların sayına uyğun nümayəndələrdən təşkil olunur.

Almaniya mediasının məlumatına əsasən, Aiqnerin prezident seçilməsi üçün yetərli dəstəyi var. O, seçkilərdə qalib gəlsə, Almaniya Federativ Respublikasının 78 illik tarixində və bu postda 12 kişinin çalışdığı dövrdən sonra ölkənin ilk qadın prezidenti olacaq. Həmçinin Bavariyanın Xristian-Sosial İttifaqının nümayəndəsi ilk dəfə bu vəzifəni tutacaq.

Berlin Şərqi Avropa Araşdırmaları Mərkəzinin direktoru Dmitri Stratiyevski “The Insider”ə bildirib ki, Aiqnerin namizədliyinin irəli sürülməsində üç amil təsirli olub.

Onun sözlərinə görə, Aiqner cəmiyyətin müxtəlif təbəqələrində dəstək qazanıb, siyasi intriqalarla tanınmır və insanları bir araya gətirə bilən fiqur kimi qəbul edilir. Digər amil isə Almaniyanın siyasi dairələrində prezident vəzifəsinə qadının seçilməsi məsələsinin fəal müzakirə olunmasıdır.

Stratiyevski üçüncü səbəb kimi Aiqnerin peşə hazırlığını göstərib. O, televiziya avadanlıqlarının sazlanması üzrə mühəndis ixtisasına yiyələnib, elektrik texniki işləyib və ali təhsili yoxdur. Ekspertin qeyd etdiyinə görə, tanınmış siyasətçilərin əksəriyyəti hüquq və ya politologiya üzrə universitet təhsili alsa da, Aiqner “xalqın namizədi” obrazındadır.

Ekspertin fikrincə, prezidentlik Almaniya siyasətində ikinci dərəcəli vəzifə sayılsa da, dövlət başçısının ölkənin siyasətinə təsir imkanları mövcuddur. Buna görə həmin posta kimin seçilməsi əhəmiyyətlidir.