QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Helsinki Rayon Məhkəməsi Finlandiya körfəzində sualtı infrastrukturu qəsdən zədələməkdə təqsirli saydığı “Fitburg” yük gəmisinin kapitanı ilə botsmanına həbs cəzası verib. Məhkəmə onların əməllərini qəsdən törədilmiş hesab edib və “ağırlaşdırıcı təxribat” üzrə hökm çıxarıb.

Rusiya vətəndaşı, gəminin kapitanı Andrey Maksimenko 3 il 6 ay, Azərbaycan vətəndaşı olan botsman Vüsal Məcidov isə 2 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

İstintaq müəyyən edib ki, 2025-ci il dekabrın 31-də Sankt-Peterburqdan İsrailə yola düşən “Fitburg” Finlandiya körfəzində lövbərini bir neçə saat ərzində təxminən 130 kilometr məsafədə dənizin dibi ilə sürüyüb. Hadisə nəticəsində “Elisa” şirkətinə məxsus iki sualtı telekommunikasiya kabeli qırılıb. Elektrik xətləri və qaz boru kəmərləri də daxil olmaqla daha səkkiz obyektin zərər görməsi riski yaranıb.

Məhkəmə qərarına əsasən, Maksimenko və Məcidov kabellərin bərpası və istintaq xərcləri üçün 1,9 milyon avro kompensasiya da ödəməlidirlər.