QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.
O, təbrikini “X” sosial şəbəkəsindəki hesabında yayımlayıb. Şərif Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına səmimi təbriklərini çatdırıb.
Baş nazir paylaşımında 8 Noyabrı Azərbaycanın təxminən otuz ildən sonra ərazi bütövlüyünü bərpa etməsinin, xalqın cəsarət və fədakarlığının tarixi göstəricisi kimi dəyərləndirib. O, qələbənin əldə olunmasında həlak olan şəhidlərin xatirəsini ehtiramla yad etdiklərini bildirib.
Şərif Pakistanın həmin dövrdə Azərbaycanın yanında olmaqdan qürur duyduğunu və bundan sonra da ölkəyə dəstək verəcəyini vurğulayıb. Onun sözlərinə görə, ötən il Bakıda keçirilən Zəfər Günü paradında Prezident İlham Əliyevlə birgə iştirak etmək şərəfinə nail olub. Baş nazir paradın iki xalq arasındakı möhkəm əlaqələri nümayiş etdirdiyini qeyd edib.
O, Azərbaycana davamlı inkişaf, Cənubi Qafqaza isə möhkəm sülh və ümumi rifah arzulayıb.