QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkəsinin Türkiyə ilə münaqişəyə səbəb olacaq vəziyyətin yaranmasına yol verməməli olduğunu deyib. O, bu fikirləri Ankara ilə münasibətlərin normallaşdırılması mövzusunu şərh edərkən səsləndirib.

Simonyanın sözlərinə görə, Türkiyə ilə müharibə üçün əsas yoxdur. O bildirib ki, Türkiyənin hücumu baş verəcəyi təqdirdə Ermənistanın möhkəmlənməyə vaxtı çatmaya bilər. Katib qeyd edib ki, 70 il ərzində cəmiyyətə Rusiyadan asılı olmağın zəruriliyi və bunun əks halda türklərin Ermənistanı məhv edəcəyi fikri aşılanıb, lakin bu təsəvvür reallığa uyğun gəlmir.

O, gələcək nəsillərə qisas hissi deyil, sülhün miras qoyulmasının və müharibənin önlənməsinin ölkə təhlükəsizliyinin əsas təminatlarından biri olduğunu vurğulayıb. Bununla yanaşı, Simonyan müdafiəni təmin etmək üçün Ermənistanın güclü orduya ehtiyac duyduğunu bildirib.

“Tramp marşrutu” (TRIPP) layihəsinə toxunan Təhlükəsizlik Şurasının katibi ticarəti və ortaq maraqların yaradılmasını sülhün mühüm elementləri kimi dəyərləndirib. Onun fikrincə, layihə iqtisadiyyat, diplomatiya və təhlükəsizlik baxımından əhəmiyyət daşıyır.

Simonyan marşrutun İran sərhədindən təxminən 15 metr məsafədə keçəcəyini də qeyd edib. Buna görə layihənin rolunun ABŞ-ın, İranın və bütövlükdə regionun maraqları nəzərə alınmaqla qiymətləndirilməli olduğunu deyib. “Bu, iqtisadi, diplomatik layihədir, sülh alətidir”, – o əlavə edib.