QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Efiopiyanın qərbində silahlı şəxslərin hücumu nəticəsində 52 nəfər həlak olub. Hadisə noyabrın 5-də Benışanqul-Qumuz bölgəsinin Asosa zonasında yerləşən Daleti yaşayış məntəqəsində qeydə alınıb.
Həlak olanların 21-i mülki şəxs, 18-i hüquq-mühafizə əməkdaşı, 13-ü isə milis üzvüdür.
Bölgə polisinin komissarı İdris Məhəmməd bildirib ki, hücum yerli vaxtla saat 5 radələrində baş verib. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri hücum gözləmədikləri üçün hazırlıqsız yaxalanıblar.
Polis hadisəyə görə ölkədə terror təşkilatı kimi tanınan “Oromo Azadlıq Ordusu”nu (OLA) günahlandırıb. Silahlı şəxslər hücumdan sonra ərazidən uzaqlaşıblar.
Hadisənin ardından bölgəyə federal ordu və regional təhlükəsizlik qüvvələri göndərilib, vəziyyət nəzarətə götürülüb. Təhlükəsizlik səbəbindən evlərini tərk etmiş sakinlər daha sonra geri dönüblər.
OLA əsasən Efiopiyanın Oromiya bölgəsində fəaliyyət göstərir. Qrup əvvəllər mülki şəxslərə qarşı hücumlarda iştirak etdiyini dəfələrlə təkzib edib.