QafqazNews Manset.az-a istinadən xəbər verir ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı işğaldan azad edib. Sıldırım qayalar və dərin dərələrdən keçməklə, mürəkkəb relyef şəraitində həyata keçirilən əməliyyat 44 günlük Vətən müharibəsinin həlledici mərhələsinə çevrilib. Şəhərin azad olunması tarixi qələbənin zirvəsi olmaqla yanaşı, uzun illər ərzində aparılan dövlət siyasəti, güclü iqtisadiyyat, müasir ordu və milli birliyin nəticəsi kimi qiymətləndirilir.
Prezident İlham Əliyevin müharibənin ilk günlərindən qarşıya qoyduğu strateji hədəflərdən biri Şuşanın azad edilməsi idi. Dövlət başçısı Şuşasız qələbənin tamamlanmış sayıla bilməyəcəyini dəfələrlə bildirib. Noyabrın 8-də şəhərin azad olunması milli iradənin və ordunun döyüş qabiliyyətinin göstəricisinə çevrilib. Həmin gün Şəhidlər xiyabanından xalqa müraciət edən İlham Əliyev Şuşanın azad edildiyini açıqlayıb. Onun “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri yaddaşlarda qalıb.
2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə Qarabağda separatçı rejimin mövcudluğuna son qoyulub. Bununla 2020-ci ildə başlayan Zəfər prosesi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə yeni mərhələyə keçib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla 8 Noyabr – Şuşa şəhəri Günü təsis edilib. Şuşa ölkənin tarixində yalnız şəhər deyil, milli kimliyin, mənəvi dəyərlərin və mədəni irsin mühüm parçasıdır. Əsrlər boyu musiqi, ədəbiyyat və incəsənət mərkəzi kimi tanınan şəhər çoxsaylı dövlət və mədəniyyət xadimlərinin yetişdiyi məkan olub.
Ulu Öndər Heydər Əliyevin 1977-ci ildə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan olunması barədə qərarı irsin qorunmasına dövlət diqqətinin nümunələrindən sayılır. Bu xətt davam etdirilərək Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamla Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Həmin il mayın 31-də qəbul olunan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun şəhərin qorunması, bərpası, öyrənilməsi və inkişafının hüquqi əsaslarını müəyyənləşdirib. 2022-ci ilin “Şuşa İli” elan edilməsi də görülən işlərə əlavə təkan verib.
Şəhərin beynəlxalq mədəni mövqeyi də möhkəmlənib. TÜRKSOY 2022-ci ildə Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib. 2023-cü ildə İslam dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında şəhər 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı seçilib. Həmin ilin oktyabrında İqtisadi Əməkdaşlıq Təşkilatı Şuşanı 2026-cı ilin turizm paytaxtı elan edib. 2024-cü ildə Türk Dövlətləri Təşkilatının şəhərdə keçirilən qeyri-rəsmi Zirvə görüşü və Qarabağ Bəyannaməsinin imzalanması Şuşanın siyasi-diplomatik tədbirlər üçün əhəmiyyətini də nümayiş etdirib.
Azadlıqdan sonra Şuşada aparılan bərpa və quruculuq işləri tarixi görkəmin mühafizəsi ilə müasir inkişaf ehtiyaclarının uzlaşdırılmasına yönəlib. Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat, enerji, sosial və kommunal infrastruktur layihələri həyata keçirilir. Şəhərə gedən 101 kilometrlik Zəfər Yolunun inşası bu işlərin mühüm hissəsidir. Tarixi abidələrin bərpası, mədəni irsin qorunması və yaşayış məhəllələrinin yenidən qurulmasına da diqqət yetirilir.
İşğal dövründə dağıdılmış və zərər görmüş abidələr bərpa olunur. Üzeyir Hacıbəylinin, Bülbülün və Xurşidbanu Natəvanın güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması milli yaddaşın bərpasını simvolizə edir. Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi, məscidlər və digər tarixi tikililər də bərpa edilir. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günlərinin yenidən Şuşada keçirilməsi şəhərin mədəni həyatının canlanmasına xidmət edir.
Nazirlər Kabinetinin 2024-cü il oktyabrın 21-də təsdiqlədiyi “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” gələcək inkişafın istiqamətlərini müəyyən edir. Plana əsasən, tarixi-memarlıq mühitinin və təbii landşaftın qorunması, yaşayış və sosial infrastrukturun genişləndirilməsi, nəqliyyat sisteminin müasir tələblərə uyğunlaşdırılması nəzərdə tutulur.
Böyük Qayıdış da şəhərin dirçəlişinin əsas istiqamətlərindəndir. 2024-cü ildə Şuşanın ilk yaşayış kompleksinin istifadəyə verilməsi və keçmiş məcburi köçkünlərin geri dönməyə başlaması prosesdə yeni mərhələ yaradıb. İndiyədək Şuşa şəhərində, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində 420 ailə, ümumilikdə 1579 nəfər məskunlaşıb.
8 Noyabr – Şuşa şəhəri Günü hərbi qələbə ilə yanaşı, milli iradə, dövlətçilik ənənələri və tarixi ədalətlə əlaqələndirilir. Şəhərdə quruculuq işlərinin davam etməsi, sakinlərin qayıdışı və mədəni həyatın bərpası Zəfərin nəticələrini göstərir. Şuşa bu gün tarixi irslə yanaşı, Azərbaycanın inkişafını, milli birliyini və gələcəyə inamını təcəssüm etdirir.