QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) irəlilədilməsi üçün Üçtərəfli Texniki Planlaşdırma Qruplarının işə başlaması barədə məlumat yayıb.
Birgə Bəyanata əsasən, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan və Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan TRIPP üzrə qrupların fəaliyyətinə start veriblər. Marşrut multimodal tranzit xətti kimi nəzərdə tutulur.
Bəyanatda bildirilib ki, bu format üç ölkənin rəsmilərini və texniki ekspertlərini bir araya gətirir. Məqsəd 8 avqust 2025-ci ildə Prezident Trampın vasitəçiliyi ilə imzalanmış tarixi Sülh Sammiti Bəyannaməsinin əhəmiyyətini vurğulamaq, eləcə də regionda uzunmüddətli sabitliyə, iqtisadi inkişafa, regional bağlantıya və ticarət tərəqqisinə birgə töhfə verməkdir.
Tərəflər TRIPP barədə qərarın həyata keçirilməsi üzrə ortaq öhdəliklərini təsdiqləyərək, ilk mərhələdə iki texniki planlaşdırma qrupu yaratmaq barədə razılığa gəliblər. Qruplardan biri nəqliyyat, digəri isə elektrik enerjisinin ötürülməsi istiqamətinə cavabdeh olacaq.
Qrupların işi mürəkkəb texniki məsələlərin həllinə və layihənin növbəti icra mərhələlərinə keçməsinə, o cümlədən digər regional infrastrukturlara inteqrasiyaya zəmin yaradan mühüm addım kimi qiymətləndirilib. Tərəflər TRIPP-in bütün modallıqlarının sürətlə reallaşdırılması üzrə öhdəliklərini də bir daha təsdiqləyiblər.