QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Bakıda məcburi köçkün ailəsinin yaşadığı mənzilin sonradan başqa şəxsə satıldığı iddia olunur.

Paytaxt sakini Seymur Qasımov “Xəzər Xəbər”ə bildirib ki, atasına məxsus Nizami rayonu, Nəsimi küçəsi 29 ünvanındakı mənzildə Laçından olan məcburi köçkün ailəsi yaşayıb. Onun sözlərinə görə, həmin mənzil daha sonra başqa şəxsə verilib.

Qasımov qeyd edib ki, ailə mənzildən köçdükdən sonra qapı möhürlənib, açarlar isə ərazi üzrə 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinə təhvil verilib. O, mənzilin kimin tərəfindən və hansı qaydada satıldığı barədə ailəyə məlumat verilmədiyini deyib.

34 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Qardaşxan Hüseynovun sözlərinə görə, mənzildə yaşayan laçınlı ailə doğma yurduna qayıtdıqdan sonra qapı möhürlənib və açar qurumun baş idarəsinə verilib. Daha sonra bir nəfər Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarışını təqdim edərək mənzilin ona məxsus olduğunu bildirib. Hüseynov deyib ki, həmin sənəd əsasında açar baş idarədən götürülərək mülkiyyətçiyə təqdim edilib.

Qurum rəisi əlavə edib ki, əmlakın rəsmi sənədinə əsasən hərəkət ediblər və mübahisənin həlli 34 saylı sahənin səlahiyyətinə daxil deyil: “Məsələ məhkəmə predmetidir”.

Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsindən bildirilib ki, Nəsimi küçəsi, ev 29-da yerləşən 29 saylı mənzil Bakı şəhəri 32 saylı dövlət notariusunun təsdiqlədiyi vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Alyoşa Vəzir oğlu Bəşirovun adına qeydiyyata alınıb və rəsmiləşdirilib.

Məsələyə Xətai Rayon Məhkəməsində baxılır.