QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə həmvətənləri təbrik edib. Nazirliyin X hesabında yayılan paylaşımda bu günün əhəmiyyətindən bəhs olunub.
Bildirilib ki, 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazandığı tarixi qələbə xalqın milli iradəsini, birliyini və qətiyyətini nümayiş etdirib.
Paylaşımda vurğulanıb ki, bu qələbə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan yolda mühüm mərhələ olub. Zəfər Günü milli həmrəyliyin, dövlətçilik iradəsinin və gələcəyə inamın rəmzi kimi təqdim edilib. Həmçinin qeyd olunub ki, Azərbaycan qalib dövlət olaraq regionda davamlı sülh, sabitlik və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirir.
XİN Vətən uğrunda həyatını itirən şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə və müharibə iştirakçılarına fədakarlıqlarına görə təşəkkürünü çatdırıb. Paylaşımda qəhrəmanların əzmi və şücaətinin xalqın yaddaşında yaşayacağı, zəfər salnaməsinin gələcək nəsillərə qürur və ilham verəcəyi bildirilib.