QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, yapışqanların tərkibi onların hansı materialları birləşdirmək üçün hazırlandığından asılıdır. Məhsullarda sintetik polimerlər, heyvan zülalları, bitki nişastası, su və müxtəlif kimyəvi əlavələr ola bilər. Ənənəvi növlərin istehsalında heyvan dərisi, vətər və sümüklərdən, eləcə də balıqların üzmə kisələrindən istifadə edilib.

Yapışqan istehsalına dair vahid formula yoxdur. Kağız üçün nəzərdə tutulan məhsul, məsələn, şüşə və ya metal səthləri birləşdirmək üçün eyni dərəcədə uyğun olmaya bilər.

Əksər yapışqanların əsasını polimerlər təşkil edir. Onların uzun molekulyar zəncirləri birləşməyə möhkəmlik verir. Su və ya başqa maye maddə məhsulun səthə çəkilməsini asanlaşdırır, quruma zamanı isə bu maye buxarlanır. Müxtəlif əlavələr yapışqanın qatılığına, elastikliyinə və bərkimə sürətinə təsir edir.

Ənənəvi heyvan mənşəli yapışqan kollagendən hazırlanır. Heyvanların dərisində, vətərlərində və sümüklərində olan bu zülal isti su ilə emal ediləndə jelatinə çevrilir və yapışdırıcı xüsusiyyət əldə edir.

Keçmişdə köhnə atların yapışqan fabriklərinə göndərilməsi barədə deyilənlərin tarixi əsası var: atlar və başqa heyvanlar uzun müddət istehsalda xammal kimi işlədilib. Bununla yanaşı, yapışqan hazırlamaq üçün mütləq yaşlı heyvanlardan istifadə olunması şərt deyil.

Balıq mənşəli yapışqanlar da mövcuddur. Onların hazırlanmasında balığın başından, dərisindən və sümüklərindən yararlanılıb; daha keyfiyyətli növlər isə üzmə kisələrindən əldə edilib. Belə yapışdırıcılar qədim dövrlərdə rəssamların və sənətkarların istifadəsində olub.

Müasir məhsulların böyük qismi sintetik komponentlərdən hazırlanır. Məktəblərdə və ağac emalında istifadə olunan PVA yapışqanının əsas maddəsi polivinil asetatdır. Super yapışqanlarda siyanoakrilat olur və o, səthdəki az miqdarda nəmlə təmas etdikdə sürətlə bərkiyir. Epoksi yapışqanlar, adətən, qatran və bərkidicidən ibarət iki komponentin qarışdırılması ilə hazırlanır. Kimyəvi reaksiyanın nəticəsində möhkəm polimer quruluşu yaranır.

Digər növlərə rezin əsaslı kontakt yapışqanları və qızdırıldıqda əriyən termoyapışqanlar daxildir. Bitki nişastası və təbii qatranlardan hazırlanan yapışdırıcılar da alternativ xammallardan istifadə olunan məhsullardır.

Yapışqanlardan istifadə tarixi müasir kimya sənayesindən xeyli qədimdir. Arxeoloji tapıntılar insanların təxminən 200 min il əvvəl daş alətlər hazırlayarkən ağcaqayın qatranından yararlandığını göstərir. Qədim misirlilər isə 4 min ildən çox əvvəl mebel istehsalında heyvan mənşəli yapışqanlardan istifadə ediblər.

Sintetik yapışqanların geniş inkişafı İkinci Dünya müharibəsindən sonrakı dövrdə, xüsusilə 1950–1960-cı illərdə baş verib.