QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, 12 il evli olan cütlük övlad sahibi olmaq üçün həkimlərə müraciət etsə də, onlara bu vəziyyətdə uşaq sahibi olmağın mümkün olmadığı bildirilib.
Cütlük ümidlərini itirməyə başladığı vaxt qadın həyat yoldaşına uşaq evindən övlad götürməyi təklif edib. Ertəsi gün onlar uşaq evinə gedərək kiçik yaşlı uşaqların olduğu bölməyə baş çəkiblər.
Qadının diqqətini ilk gördüyü qız uşağı çəkib. O, dərhal həyat yoldaşına həmin uşağı övladlığa götürməyi təklif edib. Uşaq evinin rəhbərləri prosesin asan olmayacağını bildirsələr də, ər-arvad qərarlarından dönməyib və bu yolda birlikdə mübarizə aparıblar.
Aylarla davam edən cəhdlərdən sonra cütlük qızı övladlığa götürə bilib. Onun ailəyə qoşulması ilə evdə hər şeyin dəyişdiyini deyən valideynlər qızlarını böyük sevgi ilə böyüdüblər.
Qız məktəb yaşına çatanda ona həqiqəti söyləyiblər. Valideynləri onun bunu ağır qarşılayacağından ehtiyat etsələr də, qız gözlənilən böhranı yaşamayıb.
Bir gün ana qızının rəfiqəsi ilə söhbətini eşidib. Qız rəfiqəsinə valideynlərinin onu övladlığa götürdüyünü söyləyib. Rəfiqəsi “Övladlıq nə deməkdir?” deyə soruşanda isə belə cavab verib: “Ananın bətnində yox, ürəyində böyüməkdir”.