QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, pizza üçün yumşaq və elastik xəmir hazırlayarkən onu uzun müddət yoğurmaq, xüsusi un və ya bahalı avadanlıq istifadə etmək vacib deyil. Əsas şərtlərdən biri soyuq sudan yararlanmaq, digər vacib məqam isə xəmiri soyuducuda yetişməyə qoymaqdır.
Soyuq su unun zülallarının qlüten yaratmasına kömək edir, aşağı temperatur isə mayanın işini zəiflədir. Beləliklə, xəmir tədricən yetişir, elastikləşir və dadı formalaşır.
İnqrediyentlər qarışdırıldıqdan sonra xəmiri yoğurmaq tələb olunmur; onun yetişməsi üçün vaxt vermək kifayətdir. Soyuducuda 24-72 saat saxlanılan xəmirin quruluşu inkişaf edir, yumşaqlığı və içindəki hava qabarcıqları artır.
Lazım olan ərzaqlar:
- 500 qram buğda unu; - 350 millilitr soyuq su; - 10 qram xırda duz; - 2 qram quru maya və ya 4 qram təzə maya; - 1 xörək qaşığı zeytun yağı.
Soyuq su dərin qaba tökülür, ardınca un, duz, maya və zeytun yağı əlavə olunur. Ərzaqlar qaşıqla qarışdırılır. Unun quru hissələri tam qarışdıqdan sonra xəmirin yapışqan qalması normaldır.
Qabın üzərini örtüb xəmiri otaq temperaturunda 10 dəqiqə saxlayın. Sonra soyuducuya qoyaraq 24-72 saat yetişməyə buraxın.
Xəmirdən kündələr düzəldib ehtiyatla yayın və üzərinə istədiyiniz içliyi əlavə edin. Bu vaxt sobanı 250-275 dərəcəyədək qızdırmaq lazımdır. Daha yaxşı nəticə üçün sobaya əvvəlcədən pizza daşı, yaxud tərsinə çevrilmiş soba sinisi qoymaq olar.
Pizza təxminən 7-10 dəqiqəyə bişir. Xəmirin kənarları qalxıb qızılı rəngə çalanda yemək hazır olur.
Yetişmiş xəmiri yağlanmış qabda soyuducuda 72 saata qədər saxlamaq mümkündür. İlk 24 saatlıq yetişmə başa çatdıqdan sonra kündələri dondurmaq da olar. Bişirməzdən əvvəl xəmir otaq temperaturunadək isinməlidir; bundan sonra onu nazik, neapolitan üslubunda və ya daha qalın yaymaq mümkündür.