QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Yevlaxın Aran qəsəbəsində yaşayan qadın övladlarına aliment ödəmədiyinə görə məhkum olunub.
Qəsəbə sakini Ramil Rüstəmov 2012-ci ildə ailə qurub. Nikahdan iki uşaq dünyaya gəlib. Bir müddət sonra cütlük ayrılıb, uşaqlar atalarının yanında qalıb. Məhkəmə qərarı ilə ananın hər uşaq üçün ayda 150 manat, ümumilikdə isə 300 manat aliment ödəməsi müəyyənləşdirilib.
Qadın qərarı yerinə yetirməyərək ödənişlərdən yayınıb. Atanın hüquq-mühafizə orqanlarına müraciətindən sonra fakt üzrə cinayət işi açılıb. Məhkəmə araşdırması zamanı ananın 6 600 manat aliment borcunu ödəmədiyi məlum olub.
Hökmə əsasən, qadına 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və onun üzərinə elektron nəzarət qolbağı taxılıb.