QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, müdafiə naziri Zakir Həsənov 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Təbrikində zabitlərə, gizirlərə, miçmanlara, kursantlara, çavuşlara, əsgərlərə, matroslara, dövlət qulluqçularına və mülki işçilərə müraciət edən nazir onlara xidmətlərində uğurlar arzulayıb. Həsənov bildirib ki, Heydər Əliyevin fəaliyyəti nəticəsində orduda vahid komandanlıq qurulub, Azərbaycan Ordusu nizami ordu kimi formalaşıb və hərbi quruculuq prioritet istiqamətə çevrilib.

Nazirin sözlərinə görə, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilir. Müdafiə sahəsində əldə olunan nailiyyətlər, ordudakı islahatlar və təlimlər, eləcə də təxribatlara qarşı həyata keçirilən əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini möhkəmləndirib. O qeyd edib ki, Zəfər Günü Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılıb, islahatların davamı isə ordunun gücünü artırır.

Həsənov 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma, bərpa və abadlıq işlərinə töhfə verdiyini vurğulayıb.

Təbrikdə qeyd olunub ki, Vətən müharibəsində qazanılan qələbə, döyüş əməliyyatları və antiterror tədbirləri nəticəsində işğal altında olan tarixi torpaqlar azad edilib. Ali Baş Komandanın siyasəti və ordunun gücü ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Azad edilmiş ərazilərdə Azərbaycan Ordusu bərpa-quruculuq işlərinin təhlükəsiz şəraitdə aparılmasına və Böyük Qayıdışa dəstək verir.

Müdafiə naziri hərbçilərin Konstitusiyaya, Hərbi Anda və nizamnamələrə sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlıqlarını gücləndirəcəklərinə əminliyini ifadə edib.

O, müstəqillik, ərazi bütövlüyü və suverenlik uğrunda şəhid olanların xatirəsinin ehtiramla yad edildiyini bildirib. Şəhid ailələrinin, sağlamlığını itirmiş döyüşçülərin və müharibə veteranlarının dövlətin diqqətində olduğunu qeyd edən Həsənov, İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı ilə onların sosial-məişət şəraitinin yaxşılaşdırılması və sosial məsələlərinin həlli üçün addımlar atıldığını vurğulayıb. Nazir şəhid hərbçilərin valideynlərini və ailələrini, sağlamlığını itirmiş döyüş yoldaşlarını və veteranları bayram münasibətilə təbrik edib.

Həsənov müraciətinin sonunda şəxsi heyətə möhkəm cansağlığı, uzun ömür və Vətənə xidmətlərində yeni uğurlar arzulayıb.