QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2027-ci ilin dövlət büdcəsini Azərbaycanın neftdən asılılığının azaldılması baxımından mühüm mərhələ kimi dəyərləndirib. O, bu fikirləri Milli Məclisin plenar iclasında büdcə layihəsinin müzakirəsi zamanı səsləndirib.
Gülməmmədovun sözlərinə görə, gələn il qeyri-neft-qaz sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payının 77 faizdən yuxarı olacağı gözlənilir. Bu göstərici ölkə tarixində indiyədək qeydə alınan ən yüksək səviyyə olacaq.
O bildirib ki, 2027-ci ildə dövlət büdcəsi daxilolmalarının 60,6 faizinin qeyri-neft-qaz sektorunun hesabına formalaşması planlaşdırılır. Bu nisbət də tarixi maksimum sayılır. Palata sədri büdcədə hərbi, sosial və investisiya xərcləri arasında optimal tarazlığın nəzərdə tutulduğunu qeyd edib.
Hesablama Palatası layihəni qanunvericiliyə uyğunluq, büdcə göstəricilərinin etibarlılığı və fiskal dayanıqlıq meyarları əsasında araşdırıb. Qurum rəhbəri sənədlərin strateji sənədlərin tələbləri nəzərə alınmaqla qiymətləndirildiyini, mərkəzi icra hakimiyyəti orqanları ilə son iki ayda aparılan intensiv müzakirələrdən sonra büdcə zərfində lazımi dəqiqləşdirmələrin aparıldığını bildirib.
Palatanın təhlilinə əsasən, büdcə sənədləri mühüm aspektlər üzrə müvafiq hesablama çərçivəsinə uyğun, əsasən düzgün və etibarlı şəkildə hazırlanıb.
Fiskal dayanıqlıq barədə danışan Gülməmmədov dövlət borcunun ÜDM-ə nisbətinin kritik hədlərdən xeyli aşağı səviyyədə saxlanıldığını vurğulayıb. Onun qeyd etdiyi kimi, suveren fond aktivlərinin likvidliyi və kontrtsiklik sığorta funksiyaları Azərbaycanın ödəmə qabiliyyətini və borc dayanıqlığını daha da möhkəmləndirir.