QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, SOCAR Rumıniyada 110-cu yanacaqdoldurma məntəqəsini istifadəyə verib. Yeni məntəqə ölkənin şimal-şərqində yerləşən Neamt rayonunun Horia şəhərində açılıb. Rayon iqtisadi və turizm potensialı ilə seçilir.

SOCAR brendi ilə fəaliyyətə başlayan obyekt Neamt rayonundakı yeddinci yanacaqdoldurma məntəqəsidir. Digər SOCAR məntəqələrində olduğu kimi, burada da müasir xidmət infrastrukturu qurulub. Müştərilərə benzin və dizellə yanaşı, müxtəlif əlavə xidmətlər təklif edilir.

“Made in Azerbaijan” brendinin tanıdılması çərçivəsində məntəqənin ərazisindəki “Nar” kafedə Azərbaycan guşəsi yaradılıb. Burada yerli məhsullar, eləcə də Azərbaycandan gətirilən mallar satılır.

Yeni məntəqənin açılması SOCAR-ın Rumıniyada pərakəndə satış sahəsindəki mövqeyini möhkəmləndirmək və fəaliyyət əhatəsini genişləndirmək strategiyasının tərkib hissəsidir.

SOCAR Rumıniyada fəaliyyətini 2011-ci ildə təsis olunan “SOCAR Petroleum SA” vasitəsilə həyata keçirir. Şirkətin 2025-ci il üzrə dövriyyəsi 3,9 milyard lei, yaxud təxminən 750 milyon avro təşkil edib. Bu, əvvəlki ilin göstəricisindən 9,7 faiz çoxdur.

Şirkətin Rumıniyada üç yanacaqsaxlama deposu var. SOCAR indiyədək ölkə iqtisadiyyatına 400 milyon lei, təxminən 78,4 milyon avro investisiya qoyub.