QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Mossadın rəhbəri Roman Qofmanın ABŞ-də olduğu bildirilir. Səfərin gizli keçirildiyi və bununla bağlı hələ rəsmi məlumat yayılmadığı qeyd olunur. Qofmanın səfərinin məqsədi açıqlanmasa da, onun İran ətrafındakı regional vəziyyət və mümkün hərbi əməliyyatlarla əlaqəli ola biləcəyi ehtimal edilir.
ABŞ-də müzakirə olunan ehtimallardan biri İsrailin Vaşinqton administrasiyasını İrana qarşı yeni hücumlara razı salmaq üçün lobbi imkanlarından yararlanmasıdır. Eyni zamanda, Yaxın Şərqdə hərbi hazırlığın artdığı bildirilir: ABŞ bölgədəki qüvvələrini çoxaldır, döyüş təyyarələrini isə hazırlıq vəziyyətinə gətirir.
Yayılan görüntülərdə SEPAH-ın Bəhreyndəki ABŞ hərbi bazasına aid radar sistemini vurduğu əks olunub. Bu məlumatlar regionda hərbi-siyasi gərginliyin davam etdiyini göstərir.
ABŞ Prezidenti Donald Trampın mövqeyində isə həm hərbi, həm də diplomatik variantlar yer alır. O, əməliyyatların yenidən başlaya biləcəyini istisna etməyib, eyni zamanda İranla danışıqlar və diplomatik həll yollarının mümkünlüyünü vurğulayıb. Buna görə də Vaşinqtonun hansı qərara üstünlük verəcəyi hələ də bəlli deyil.
Politoloq Rəşad Bayramov Demokrat.az-a bildirib ki, Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artması ABŞ, İsrail və İran arasında qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqları gücləndirir.
Onun sözlərinə görə, Qofmanın ABŞ səfəri və Vaşinqtonda yüksək vəzifəli təhlükəsizlik rəsmiləri ilə görüşləri diqqət çəkir. Məlumatlara əsasən, o, İran məsələsini CIA direktoru Con Retkliff və Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffla müzakirə edib. Mossad, CIA və Ağ Ev görüşlər və səfərlə bağlı açıqlama verməyib. Bununla belə, ehtimala görə, İsrail tərəfi İrana qarşı yeni əməliyyatlarla bağlı mövqeyini ABŞ-yə çatdırıb.
Bayramov qeyd edib ki, səfərin diqqətçəkən məqamlarından biri Netanyahu hökumətinin Vaşinqtonu İrana münasibətdə daha sərt mövqeyə yönəltmək cəhdidir. İsrailin qənaətinə görə, əvvəlki əməliyyatlar İranın bəzi hərbi imkanlarına zərbə vursa da, raket potensialı, nüvə proqramı və regiondakı təsirindən qaynaqlanan təhlükələr tam aradan qalxmayıb. Bu səbəbdən Təl-Əviv hərbi təzyiqin davamını təhlükəsizlik strategiyasının vacib hissəsi sayır.
Politoloq bildirib ki, Vaşinqtonda isə fərqli yanaşmalar var. Tramp yeni zərbələri istisna etməməklə yanaşı, genişmiqyaslı qarşıdurmanın ABŞ-nin siyasi və iqtisadi maraqlarına vura biləcəyi zərəri də nəzərə alır. Onun son açıqlamasında İran və husilərdən yeni təxribatlar gəlmədiyi təqdirdə əlavə hücumlardan çəkinməyi düşündüyünü deməsi də bu yanaşmanı göstərir.
Bayramovun sözlərinə görə, ABŞ mümkün ssenarilərə hazırlaşır və yeni əməliyyat ehtimalı üçün üçüncü aviadaşıyıcı zərbə qrupunun bölgəyə göndərilməsini nəzərdən keçirir. İranın Bəhreyndəki ABŞ hərbi infrastrukturuna hücum etdiyi barədə iddia da gərginliyin başqa göstəricisidir. Noyabrın 13-də SEPAH ABŞ-nin erkən xəbərdarlıq radarını məhv etdiyini açıqlayıb. ABŞ Mərkəzi Komandanlığı isə iki İran dronunun ələ keçirildiyini, hərbi obyektlərə ziyan dəymədiyini bildirib. Noyabrın 15-də İran Bəhreyndəki radar sisteminə yenidən dron hücumu etdiyini iddia edib.
Politoloq qarşılıqlı təzyiqlərin davam etdiyini və bunun yeni əməliyyat riskini artırdığını vurğulayıb. Onun fikrincə, müharibə başlasa, nəticələri əvvəlki qarşıdurmadan daha geniş ola bilər. İranın cavab zərbələri İsrail ərazisi, Fars körfəzindəki ABŞ hərbi obyektləri, enerji infrastrukturu və beynəlxalq gəmiçilik marşrutları ilə məhdudlaşmaya bilər. Tehran bu barədə ən yüksək səviyyədə xəbərdarlıq edib.
Bayramov hazırkı vəziyyətdə müharibənin qaçılmaz olduğunu deməyin mümkün olmadığını, lakin təxribatın və ya yanlış hesablamanın hərbi eskalasiyaya gətirə biləcəyini qeyd edib. Diplомatik imkanları qorumaq istəyi, region ölkələrinin təmkin çağırışları və mümkün müharibənin iqtisadi xərcləri gərginliyi məhdudlaşdıran amillərdir.
Eyni zamanda, ABŞ və İsrailin təhlükəsizlik prioritetləri də nəzərə alınmalıdır. Politoloqun qənaətinə görə, müharibənin başlayıb-başlamaması böyük ölçüdə Tehranın addımlarından asılı olacaq. İran, xüsusilə nüvə proqramı ilə bağlı müəyyən güzəştlərə hazır olsa və Hörmüz boğazı istiqamətində razılıq əldə edilsə, diplomatik anlaşma ehtimalı arta bilər. Əks halda, Yaxın Şərq genişmiqyaslı hərbi qarşıdurma təhlükəsi ilə üzləşə bilər.