QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2026-cı il dövlət büdcəsinin gəlirləri ümumilikdə 38 milyard 609 milyon manat təşkil edəcək. Büdcə daxilolmalarının sektorlar üzrə bölgüsü də açıqlanıb.

Gəlirlərin 22 milyard 174 milyon manatı, yaxud 57,4 faizi qeyri-neft-qaz sektorunun payına düşür. Bu göstərici əvvəlki illə müqayisədə 10,6 faiz çoxdur. Neft-qaz sektorundan isə büdcəyə 16 milyard 435 milyon manat daxil olacağı gözlənilir ki, bu da ümumi gəlirlərin 42,6 faizidir. Həmin sahədən daxilolmalar illik müqayisədə 10,2 faiz azalıb.

Neft-qaz gəlirlərinin əsas hissəsini Dövlət Neft Fondundan transfert təşkil edir: 12 milyard 835 milyon manat və ya sektor üzrə daxilolmaların 78,1 faizi. SOCAR-ın büdcəyə ödənişləri 1 milyard 700 milyon manat (10,3 faiz), “Şahdəniz” qaz-kondensat layihəsi üzrə mənfəət vergisi 1 milyard 600 milyon manat (9,7 faiz) nəzərdə tutulub. “Azəri-Çıraq-Günəşli” layihəsinin mənfəət vergisi isə 300 milyon manat, yəni 1,8 faiz olacaq.

Qeyri-neft-qaz sektorunda ən böyük pay vergi daxilolmalarına aiddir. Vergi orqanlarının xətti ilə 13 milyard 310 milyon manat (60 faiz), gömrük orqanlarının xətti ilə isə 6 milyard 862 milyon manat (30,9 faiz) gəlir əldə ediləcəyi proqnozlaşdırılır. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 1 milyard 21 milyon manat (4,6 faiz), digər mənbələrdən isə 981 milyon manat (4,4 faiz) daxilolma gözlənilir.