QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti müəyyən peşələrdə və yüksək təhlükə mənbəyi ilə əlaqəli sahələrdə çalışanların narkoloji müayinədən keçməsi qaydasına dəyişiklik edib.

Qaydaya görə, əhalinin hüquq və qanuni mənafelərini, eləcə də dövlətin təhlükəsizliyini qorumaq məqsədilə bu sahələrdə işləyən şəxslər işə qəbul edilərkən, həmçinin iş müddətində ildə azı bir dəfə dövlət narkoloji tibb müəssisəsində müayinədən keçməlidirlər. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsində göstərilən şəxslər bu tələbə daxil deyil.

Dəyişikliklə müəyyən edilib ki, işçinin əmək funksiyasını yerinə yetirərkən davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranarsa, bu şübhələr əsaslandırılmalı və şəxs dərhal dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən keçirilməlidir.