QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, eksternat təhsilalma forması üzrə ümumi və ya tam orta təhsil sənədi almaq istəyənlərdən ərizə və sənədlərin qəbulu başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, müraciətlər 16 noyabr 2026-cı il tarixindən etibarən qəbul edilir. Proses dekabrın 18-dək davam edəcək.
Namizədlər müvafiq təhsil üzrə yerli idarəetmə bölməsinə ünvanlanan ərizə, doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiqlənmiş surətini təqdim etməlidirlər. Sənədlər sırasına fotoşəkil, yaşayış yerindən arayış, əvvəl təhsil alınmış müəssisədən təhsildən yayınma səbəbi və tədris ilini göstərən arayışın surəti, eləcə də hərbi biletin surəti daxildir.
Tam orta təhsil səviyyəsi üzrə eksternat formasında aralıq imtahanlarında iştirak üçün müraciət edənlər ümumi orta təhsil attestatının notariat qaydasında təsdiq edilmiş surətini də verməlidirlər.
Ümumi orta təhsil attestatı almaq üçün yaşı 16-dan, tam orta təhsil attestatı almaq üçün isə 18-dən az olmayan namizədlər imtahanlarda iştirak edə bilərlər.
Eksternat təhsilalma formasının məqsədi müxtəlif səbəblərdən ümumi və ya tam orta təhsili başa çatdıra bilməyən şəxslərə buraxılış imtahanlarında iştirak edərək müvafiq təhsil sənədini əldə etmək imkanı yaratmaqdır.