QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, qış mövsümünün başlaması ilə Azərbaycanda əhali üçün təbii qaz və elektrik enerjisi limitlərinin yenilənməsi müzakirə olunur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qaz və işıq tariflərinə yenidən baxılmasının zəruri olduğunu bildirib.

Hazırkı qaydalara əsasən, əhali ildə 1200 kubmetrədək qazın hər kubmetri üçün 12,5 qəpik ödəyir. 1200-2500 kubmetr aralığında tarif 22 qəpik, 2500 kubmetrdən artıq istehlakda isə 30 qəpikdir.

Elektrik enerjisində aylıq 200 kVts-a qədər istehlakın hər kilovat-saata görə qiyməti 8,4 qəpikdir. 200-300 kVts aralığında tarif 10 qəpik, 300 kVts-dan çox istifadə zamanı isə 15 qəpik təşkil edir.

Bayramovun sözlərinə görə, qaz limitlərinə dair təkliflərdən biri dağlıq rayonlarda yaşayanlar üçün şərtlərin dəyişdirilməsidir. O, qışda həmin ərazilərdə istilik tələbatına görə qaz sərfiyyatının yüksəldiyini, bunun da sakinlərin xərclərini artırdığını deyib. Deputat limitlərə yenidən baxılmasını və daha ucuz tariflərin tətbiqini vətəndaşların xərclərinin azaldılması baxımından vacib sayır.

Millət vəkili elektrik enerjisi üçün də fərqli yanaşmanın nəzərdən keçirilməsini təklif edib. O, gecə və gündüz saatlarına uyğun limitlərin tətbiqini gündəmə gətirərək bildirib ki, bir çox ölkədə gecə elektrik enerjisi daha ucuzdur. Bu üsul özəl və real sektorda enerji xərclərini, eləcə də istehsal olunan məhsulların maya dəyərini azaltmağa kömək edir.

Bayramovun qeyd etdiyi digər təklif bölgələrdə qazın daha aşağı qiymətlərlə verilməsini artırmaq, elektrik enerjisi üzrə isə gecə-gündüz limitləri müəyyənləşdirməkdir. Onun sözlərinə görə, bu dəyişikliklər iş adamlarının enerji xərclərini də azalda bilər.

Deputat təkliflərin komitə iclaslarında səsləndirildiyini bildirib. Müvafiq dövlət qurumunun qiymətləndirməsindən sonra məsələ ilə bağlı qərar qəbul edilə bilər.