QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 8 Noyabr — Zəfər Günü Azərbaycan üçün yalnız bayram tarixi deyil, otuz illik həsrətin başa çatmasını və torpaq uğrunda həyatını itirənlərin xatirəsinə minnətdarlığı ifadə edir. Qələbə sevinci ilə yanaşı, bu gün illərlə yaşanan ağrıları, göz yaşlarını və dözümü də yada salır.
Bəzi itkilərin acısı unudulmur. Lakin bu ağrını qürura çevirmək xalqın mənəvi gücünü göstərir. Otuz il Qarabağ sakinləri doğma yurdlarının həsrəti ilə yaşayıb. Xankəndi, Şuşa, Laçın və Kəlbəcərin adları çəkiləndə doğma ocaqlardan ayrı düşməyin nisgili daha da duyulurdu. Dağıdılmış məscidlər, viran qalmış evlər və yurd mənzərələri azərbaycanlıların yaddaşında ağır iz buraxmışdı.
İllərlə davam edən həsrətə və ədalətsizliyə 44 günlük Vətən müharibəsi ilə son qoyuldu. Xalqın iradəsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşərək “Dəmir yumruq” oldu. Onun hərbi və diplomatik müstəvidə nümayiş etdirdiyi qətiyyət düşmənin istehkamlarını və yaratdığı mifləri dağıtdı. İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri və Şuşanın azad edilməsi ilə nəticələnən qələbə azərbaycanlılara qürur və sevinc yaşatdı.
“Vətən sevgisi sözlə deyil, əməllə, tökülən qanla ölçülər.”
Zəfər minlərlə əsgər və zabitin Vətən naminə göstərdiyi fədakarlığın nəticəsidir. Torpaqları azad etmək üçün döyüşən və şəhid olanların adları tarixdə uca yer tutdu. Onlar ölkəyə azad edilmiş torpaqlarla yanaşı, qürurlu və başıuca yaşamaq haqqını da miras qoydular.
Mübarizənin canlı şahidləri olan veteranlar və qazilər onun qəhrəmanlıq nümunələridir. Şəhid analarının məzarlar önündə axıtdığı göz yaşları torpaqların hansı bədəllə azad olunduğunu göstərir. Yaşanan ağrılar bu gün azad və bütöv Azərbaycanın təməlinə çevrilib.
Qarabağda dalğalanan Azərbaycan bayrağı həm çəkilən əzabların başa çatmasının, həm də qələbənin təsdiqidir. Şuşada, Xankəndidə və Kəlbəcərdə qurulan yeni ocaqlar şəhidlərin xatirəsini yaşadaraq qazilərin fədakarlığını yad edir.